
Azərbaycan Gimnastika Federasiyasının (AGF) beynəlxalq əlaqələr üzrə meneceri Mehman Əliyev Beynəlxalq Gimnastika Federasiyasında (FİG) yeni vəzifəyə seçilib. Sportnet.az-ın məlumatına görə, M.Əliyev FİG-in Apelliyasiya Tribunalının üzvü olub.
Seçki Yaponiyanın paytaxtı Tokyoda təşkil olunan 81-ci konqres zamanı keçirilib. M.Əliyev ilkin mərhələdə 64 səs yığaraq tribunalda təmsil olunacaq 5 nəfərdən biri olub. O, Tribunalda Kanada, İsveçrə, Braziliya və Nepaldan olan üzvlərlə birgə fəaliyyət göstərəcək.
AGF rəsmisi bunadək FIG-in İntizam Komissiyasının üzvü vəzifəsini icra edib.
Bundan başqa konqresdə FİG-in yeni prezidenti də seçilib. Bu yaponiyalı Vatanabe Morinaridir. İndiyədək bu vəzifəni italiyalı Bruno Qrandi icra edib. Vitse-prezidentlər isə rusiyalı Vasili Titov, belaruslu Kim Nellie və Çaoyi Luodur.
Qeyd edək ki, konqres öz işinə oktyabrın 20-də yekun vuracaq.