"Hədəfim bu dəfə qızıl medal qazanmaqdır".
Sportnet.az xəbər verir ki, bunu "report"a açıqlamasında batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova Bakıda təşkil edilən Dünya Kubokundakı hədəfləri ilə bağlı danışarkən deyib.
İdmançı yarışın Milli Gimnastika Arenasında keçirilməsinin ona əlavə motivasiya verdiyini söyləyib: "Doğma arenada çıxış etmək məsuliyyəti ikiqat artırır. Bir az da həyəcan var. Ümid edirəm ki, istədiyim kimi mübarizə apara bilərəm. Komandamın dəstəyi ilə uğur əldə etmək istəyirəm. Ən böyük arzum doğma arenada Azərbaycan himnini səsləndirməkdir. İnanıram ki, belə də olacaq".
O, üzərində hər hansı təzyiq hiss etmədiyini vurğulayıb: "Yeniyetmələr arasında yarışlarda çıxış edəndə həyəcanlanırdım. Xüsusən də, Bakıdakı yarışlarda. Fikirləşirdim ki, hamı məni tanıyır, medal gözləyir. Amma təcrübə artdıqca özünə psixoloji cəhətdən nəzarət edə bilirsən. Artıq təzyiq hiss etmirəm".
Azərbaycan millisinin gimnastı 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunları ilə bağlı hədəflərindən də söz açıb: "Böyük arzularımdan biri də olimpiadaya lisenziya qazanmaq və orada iştirak etməkdir. Dünya çempionatında finala yüksəlsəm, avtomatik olaraq olimpiadaya lisenziya götürəcəyəm. Bu hədəflə də yoluma davam edirəm".
Qeyd edək ki, Selcan Mahsudova bu gün qadınlar arasında fərdi təsnifatda qüvvəsini sınayacaq.