O, AFFA-dan bu məqsədlə Rusiya Futbol İttifaqına (RFS) müraciət ünvanlanmasını istəyib. Şabanoğlunun fikrincə, müraciət olsa, RFS müsbət cavablandıracaq: "Məncə, bu günədək ruslar Məmmədova bizdən qat-qat artıq ehtiram nümayiş etdirib. Biz onu ahıl yaşında evdə tək, sahibsiz qoyduq, ölümündən neçə gün sonra meyiti tapıldı. Vida mərasimindən fotolara baxarkən, zaldakı oturacaqlarda boş yerlər gördüm. Əvəzində Rusiya futbolunun bir nömrəli derbisi sayılan "Dinamo" - "Spartak" matçında onun xatirəsi 1 dəqiqəlik sükutla yad olundu, meydan sahibləri qara sarğıda çıxış etdilər. Məncə, təsadüf də olsa, bunu Allah istəyib ki, Ələkbər müəllimin ölümündən 40 gün ötməmiş belə bir matç olsun, özü də Moskvada".
Həmkarımız hətta Rusiya - Azərbaycan matçının Ələkbər Məmmədovun xatirəsinə təşkil olunmasının mümkünlüyünü də vurğulayıb: "Bu zaman hər iki komanda meydana üzərində onun şəkli olan futbolkalarla və qara lentlərlə çıxa bilər. Matçdan əvvəl İtaliya "Milan"ına vurduğu 4 qolun videoyazısını vermək, ötən ilədək bu klubu 4 dəfə məyus etmiş yeganə futbolçu olduğunu, ilk Avropa çempionu olmuş SSRİ millisinin heyətində 1960-cı il qitə çempionatının seçmə oyunlarında iştirak etdiyini, "Dinamo"nun heyətində 4 qat SSRİ çempionu olduğunu və saysız-hesabsız qol vurduğunu qeyd etmək, hətta oyundan bütün gəliri Məmmədovun adına hər hansı layihəyə yönəltmək olar. Yüz faiz əminəm ki, RFS bütün təkliflərimizə müsbət yanaşacaq. Amma AFFA-nın hansısa təklif irəli sürəcəyinə əmin deyiləm".
Qeyd edək ki, "Ximki Arena"da keçiriləcək Rusiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.