
Sportnet.az saytında
yeni rubrikaya start verilir. Ötən 7 gün ərzində dərc olunmuş açıqlamalardan ən maraqlı sitartları hər həftənin yeni iş günündə təqdim edəcəyik...
Elvin Məmmədov ("İnter”in
yarımmüdafiəçisi): "Dmitri Nazarovun oyunu barədə heç nə demək istəmirəm. Çünki millidən danışdıqca iplər qopur. Foqts məni
çağırsa belə, yenidən milliyə əlimdən gələn köməyi etmək və oynamaq istəyirəm.
O, mənə "Klubda daimi oynamırsan" arqumentini gətirib. Əslində isə
"Bakı”da davamlı oynadığım vaxt da milliyə dəvət almırdım. "Qarabağ”da isə davamlı oynamırdım, buna baxmayaraq, hər dəfə milliyə çağrılırdım və hətta qol vururdum. Millidə işlərim uğurlu alınırdı. Foqtsun köməkçiləri var, bilmirəm kim ona nə çatdırıb-çatdırmır. Amma özünə də demişəm ki, klubumda oynamadığım vaxtlarda belə məni yığmaya çağırmısınız. Mənə deyib ki, nə problemim olsa, ona bildirim. Amma deyirəm, cavab verir ki, klubunda oynamırsan. Halbuki əvvəllər onun mənə futbolçu kimi hörməti olub. Bəzən məşq vaxtı məni göndərib ki, get dincəl. Belə hallar da olub".
Fariz Nəcəfov ("Qəbələ”nin vitse-prezidenti): "Gedin, Elnur Allahverdiyevdən soruşun ki, o futbolçular kimlərdir? Komandamızda futbolçu məsələsinə baş məşqçi baxır. "Qəbələ"də artıq futbolçu elə Elnur olub. O da artıq komandamızda yoxdur".
Namiq Yusifov ("Qarabağ”ın yarımmüdafiəçisi): Bu cür müqayisələr bizə yaraşmaz. "Neftçi” İtaliyada qalib gələ də bilərdi, "Qarabağ” bu gün məğlub da ola bilərdi. "Qarabağ” kiməsə görk olsun deyə mübarizə aparmır. "Qarabağ” Azərbaycan üçün mübarizə aparır. Rəqibimiz Avropada çox təcrübəli komandadır. Heyətində çox güclü futbolçular var. Lakin İtaliyaya məğlub olmaq üçün getmirik. Layiqincə mübarizə aparmağa çalışacağıq".
Ernest Nfor ("Neftçi”nin hücumçusu): "Kanales haqqında danışmaq mənim işim deyil. Mənim vəzifəm "Neftçi”də oynamaqdır və öz işimi görürəm. Komandada kim daha güclüdürsə, baş məşqçi onu da əsas heyətdə buraxacaq. Kanales güclüdürsə, Kanales, Nfor güclüdürsə, Nfor oynayacaq. Bu haqqda qərar vermək mənlik deyil”.
İlkin Qırtımov ("Simurq”un müdafiəçisi): "Deyirlər ki, Rusiya ilə oyunda cinahdan "asma" gəldi, qol vurdular. Cinahdan "asma" gələr də... Rusiya kimi komandadır, necə edim? Hər oyunda cinahdan "asma" gəlir. Bu görüşdə də mənim cinahımdan cərimə meydançasına cəmi 3 "asma" getdi, onları da aparıb qol vurdular. Ancaq elə "İlkin, İlkin, İlkin, İlkin"... Yaxşı ki, İlkin var idi, onun adını çəkirdilər. Başqalarına söz deyə bilmirlər, kim cavandırsa, günahı onun üstünə atırlar. Eləyə qalsa, İngiltərədə bir hissədə cinahdan 60 "asma" gedir. Həmin cinahları aparıb tullasınlar da... ”
Muarem Muarem ("Qarabağ”ın yarımmüdafiəçisi): "Əvvəllər qol vuranda sakit qeyd edirdim. Bu dəfə komanda yoldaşlarımla qolu birgə qeyd etmək istədim. Meydana çıxanda hər zaman qol vurmaq istəmişəm. Bunun üçün ələ düşən şanslardan maksimum faydalanmaq istəyirəm. Lakin olmayanda da olmur..."
Elxan Məmmədov (AFFA-nın baş katibi): "Bütün dünya oynayırsa, nəyə görə biz oynamalı deyilik? Milliyə görə də oyunlar dayanmamalıdır. Dünyada necədirsə, biz də elə edək də... Nəyə görə özümüzdən velosiped icad etməliyik? Yavaş-yavaş öyrəşməliyik də... Biz istəyirik ki, bu işdə klubları dəstəkləyək. Amma yaxşılıq edəndə də pis oluruq, qaydalara görə edəndə də... Bununla bağlı PFL və ya AFFA hər zaman tənqid olunur. Klubun oyunu təxirə salınanda tənqid olunuruq. Təxirə salınmayanda isə klub çıxıb deyir: "Biz yorulmuşuq, futbolçularımız yorulub, nəyə görə oynamalıyıq?”
Elnur
Allahverdiyev ("Neftçi”nin müdafiəçisi): "Bu oyun hakimlərin
ucbatından getdi. Biabırçılıq idi. Biz pis oynamadıq. Amma belə hakimliklə
futbol inkişaf etməz. Gərək ölçü götürsünlər. Mən demirəm ki,
"Qarabağ" qələbəyə layiq deyildi. Amma penalti olmasaydı, nəticə başqa cür ola
bilərdi”.
Arif Əsədov ("Neftçi"nin baş məşqçisi): "Bilirdik ki, "Qarabağ” bu oyuna yaxşı hazırlaşıb. Biz bu görüşə fərqli taktika ilə çıxmışdıq. Məncə, "Qarabağ”a belə penalti lazım deyil. Oyunun ədalətli nəticəsi heç-heçə olardı. Qoldan sonra "Qarabağ” bizi əks hücumlarda yaxaladı. Üç qoldan ikisində hakim səhvləri aşkar görünürdü".
Orxan Cabbarov ("Araz Naxçıvan"ın prezidenti): "Əsgər Abdullayevi istefaya səsləyən azarkeşlərə sözüm var: Naxçıvanda futbol olmayanda harda idiniz? İndi baş məşqçini istefaya səsləyirsiniz. Əsgər müəllim birinci divizionda komanda ilə nailiyyət qazananda hamınız onu alqışlayırdınız. Bu gün keçirilən oyunun 88-ci dəqiqəsinə kimi harda idiz? Günahı baş məşqçidə axtarmaq lazım deyil, sadəcə komandaya dəstək olmaq lazımdır, necə ki, ötən mövsüm dəstək olmusunuz. Əsgər Abdullayevi komandanın başına gətirəndə heç bir azarkeşdən məsləhət alınmayıb, indi də istefaya göndərəndə onların sözü önəmli hesab edilsin. İstefa fikri klub rəhbərliyi tərəfindən qəbul edilmədi və o, müqaviləsi başa çatana kimi "Araz-Naxçıvan"da baş məşqçi kimi fəaliyyət göstərəcək. Hətta onunla olan müqaviləmizi uzatmaq fikrindəyik".