Azərbaycan milli komandası yaxın günlərdə Avro-2016-nın seçmə mərhələsində 2 oyun keçirəcək. Sportnet.az-ın məlumatına görə, H qrupunda yer alan yığmamız İtaliya və Xorvatiyanın qonağı olacaq.
İlk oyununda evdə Bolqarıstana 1:2 hesabı ilə uduzduqdan sonra millimizin baş məşqçisi Berti Foqtsun ünvanına tənqidlər daha da çoxalıb. Qrup favoritləri ilə qarşıdakı səfər görüşlərindən komandamızın xalla ayrılacağına inam xeyli azdır. Bu isə final mərhələsinə vəsiqədən dəm vuran Foqtsun iddiaları ilə uyğunlaşmır.
Bəs görəsən, millimiz oktyabrın 10-da İtaliya, oktyabrın 13-də isə Xorvatiya ilə oyunlarda məğlub olsa, baş məşqçinin istefası gündəmə gələ bilərmi? Sportnet.az bu sualla sorğu keçirib.
Vaqif Sadıqov: "Məncə, Berti Foqts özü bunu dərk etməli və müvafiq addımı atmalıdır. Çünki onun qabağına konkret məqsəd qoyulub ki, AVRO-2016-nın final mərhələsinə vəsiqə qazansın. Məncə, Foqts buna nail olmasa, özündə cəsarət tapıb bu addımı atacaq. Hesab edirəm ki, hər bir insan, hər bir mütəxəsis daxildən hiss etməlidir ki, getmək vaxtıdır. O da verdiyi sözü yerinə yetirməlidir. Yetirə bilməsə, bundan sonra AFFA İcraiyyə Komitəsi onun haqqında qərar qəbul etməlidir. Amma hansısa mütəxəssisin, azarkeşlərin Berti Foqtsdan istefa tələb etməsi düzgün olmazdı. Ümumiyyətlə, o, yalnız növbəti iki oyunu yox, Bakıda qarşılaşacağımız Norveç sınağını da düşünməlidir. Ən azı, doğma meydanda skandinaviyalılardan 3 xal almalıdır. Düşünürəm ki, Foqts özü dərk etməyi bacaran insandır. Uğur qazana bilməyəcəyini daxilən hiss etsə, özü könüllü şəkildə getməlidir”.
Mahir Rüstəmli: "İdeya olsa, dəstəkləyərəm. Yəqin ki, siz uğursuzluq olaraq, hər iki oyunda məğlubiyyəti nəzərdə tutursunuz. Düşünürəm ki, İtaliya və Xorvatiya üzərində qazanılacaq 1 xal belə Azərbaycan üçün uğur sayılacaq. Amma Berti Foqtsun komandada qalıb-qalmayacağına səbəb olacaq məqam noyabrda Norveçə qarşı keçirilicək matçda bəlli olacaq. Ümumiyyətlə, qarşıdakı 3 oyunun hamısında məğlub olsaq, Berti Foqtsu rahatlıqla Almaniyaya yola sala bilərik”.
Şahin Diniyev: "Bu suala cavab verə bilmərəm. Çünki məşqçinin həmkarının getməsi haqda fikir bildirməsi etik normalara ziddir”.
Böyükağa Hacıyev: "Biz dəstəklədik, dəstəkləmədik, xeyiri nədir? Kimlərinsə istəyi ilə AFFA Foqtsu göndərən deyil. Onun tsiklin axırına kimi federasiya ilə müqaviləsi var, özü də Avropasayağı müqavilədir. Ona görə də Foqts rahatcana oturub yerində. Biz belə bir addım ataraq özümüzə niyə əziyyət verək? Hər halda AFFA-da oturanlar savadlı insanalardır. Onlar bilirlər nə edirlər. Fikrimcə, Foqts Azərbaycandan getməyincə, ona "get" deyən olmayacaq. Gəlin, bunun buraxaq Foqtsun öz vicdanının səsinə”.
Oqtay Abdullayev: "Bilirsiniz, 2 oyunda uduzmaqla, Foqtsdan istefa tələb etmək düzgün olmaz. Biz səbirli olub, tsiklin axırını gözləməliyik. 2 oyun uduzandan sonra istefa versə, canını qurtaracaq. Gərək ilin axırında da bizə hesabat versin. İstefa vermək də, istefasını qəbul etmək də asandır. AFFA onunla 2 illik müqavilə bağlayıbsa, axırda ondan hesabat tələb etməlidir. Düzdür, hər iki oyunda məğlub olmaq Azərbaycan üçün yaxşı nəticə deyil. Çünki 23 ildir müstəqilik, artıq azarkeşlər qələbə gözləyir. Lakin gəlin nəzərə alaq ki, rəqiblər də çox güclüdürlər. Ona görə də gözləmək lazımdır ki, bizə söz verdiyi AVRO-2016-nın final mərhələsinə vəsiqə qazanmağı yerinə yetirsin. Bacarmasa, istefasını tələb edə bilərik”.
İlkin SULTANLI