Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsun istefası az qala bir anda bütün ölkəyə yayıldı. İndi kimi dindirsən, Berti Foqtsun yığmamızın sükanı arxasını tərk etməsindən xəbərdar olduğunu bilərsən.
Sportnet.az da dindirdi. Amma şou-biznes əhlindən tutmuş rəsmi qurumlaradək hər kəsi. Sual da belə oldu: "Sizcə, Foqtsun istefa qərarı doğrudurmu?"
Əfqan Talıbov (mütəxəssis): "Foqtsa uzun müddət vaxt verildi, hər cür şərait yaradıldı. Bütün istəkləri həyata keçirildi, təlim-məşq toplanışları, yoldaşlıq oyunları onun istəyilə olurdu. Məncə, bu seçimi düşünülmüş addım kimi qəbul etmək lazımdır. Ağsaqqal adamdır, bu müddət ərzində Azərbaycan futboluna nə qədər xeyirli olub-olmadığını illər göstəcək. Bu seçmə mərhələnin əvvəlində qarşısına qoyduğu baryeri aşa bilmədiyinə görə fikirləşib qərar verdi. Çətinlik çəksə də, istefa verib getdi. Hesab edirəm ki, müsbət qərardır”.
Rəşad Ergün (jurnalist): "Çox gecikmiş qərar oldu. Foqts vaxtında getməli idi. Lakin bu istefa Azərbaycan futbolunda ciddi dəyişikliyə səbəb olmayacaq. Səthi nə isə ola bilər, amma konkret dəyişiklik mümkün deyil. Çünki strukturda, AFFA-nın özündə ciddi dəyişikliklər aparılmalıdır. Baş katib, vitse-prezident postuna yeni, futbolu bilən adam gətirilməlidir. Öz maraqlarını yox, Azərbaycan futbolunun inkişafını düşünən şəxslər gəlib işləməlidir, ondan sonra nəyisə dəyişmək mümkündür. Yoxsa yeni gələn baş məşqçi haqqında da 1 ildən sonra eyni sözləri deyəcəyik. Sistemin özü dəyişməsə, ona qurban gedən də çox olacaq. Foqtsun getməyinə gəlincə, elə fikirləşirəm ki, o, 6 il yarım gözləməli deyildi. Elə ilk ilindən sonra postunu tərk etməli idi”.
Bəhram Bağırzadə (azarkeş): "Foqts ağsaqqal adamdır, nə etdiyini bilir. Onun şəxsi işini müzakirə etmək bizə düşməz. Amma bir azarkeş kimi onu deyə bilərəm ki, əlbəttə, getməli idi. Onun da yerinə azərbaycanlı məşqçi işləməlidir. Məsələn, əminəm ki, Qurban Qurbanov çox yaxşı bacarar. Bu işin öhdəsindən gələ bilər. Bir şərtlə ki, Berti Foqtsa yaradılan şərait Qurban Qurbanov üçün də yaradılsın. Qoy, "Qarabağ”da qalmaq şərtilə, milli komandada da Qurbanov işləsin. O, gəlsə milliyə, mən federasiyadan xahiş edərəm ki, ona da lazım olan şəraiti yaratsınlar. Necə ki, bunu Foqts üçün edirdilər”.
Mirkamil Rəhimov (Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü): "Əslində qərar qəbul olunmayıb. Sadəcə, AFFA Berti Foqtsun istefasını qəbul edib. Onu istefa verməyə məcbur etməyiblər, yaxud ona kimsə təzyiq göstərməyib. Özü getmək istəyib, Rövnəq müəllim də razılaşıb. Foqtsun gedəcəyi bilinirdi. Çünki Xorvatiya ilə oyundan sonra da demişdi ki, Azərbaycanla yollarım ayrılır. Onun verdiyi qərarı, istefasının qəbulunu mən düzgün addım hesab edirəm”.
Çingiz Hüseynzadə (Milli Olimpiya Komitəsinin vitse-prezidenti): "Bu, AFFA-nın qərarıdır, bizə aidiyyatı yoxdur. Bəli, futbol da olimpiya növüdür. Amma Milli Olimpiya Komitəsi heç bir idman növündə baş məşqçi dəyişikliyinə baxmır. Bir azarkeş kimi onu deyə bilərəm ki, Braziliya millisi dünya çempionatında 1:7 hesabı ilə uduzursa, futbolda hər şey gözləniləndir. Əlbəttə, Foqts milli komandamızda istənilən nəticəni vermədi. Nəticə verməsi üçün əvvəlcə daxili çempionatın səviyyəsi artmalıdır”.
Baloğlan Əşrəfov (müğənni): "Berti Foqts axırda kişi kimi bir dənə söz deyib getdi, mənim xoşuma gəldi. Dedi ki, bu müddət ərzində futbolçuları fiziki cəhətdən hazırlaya bilmədim. Düz deyir, ancaq gərək, Fotsun da kişiliyi çataydı, elə birinci ilində deyəydi ki, bizim futbolçuların fiziki durumu başqa ölkələrinkindən çox aşağıdır və hazırlaya bilməyəcəyəm. Ancaq vaxtında demədi, Azərbaycanı həriflədi, pulunu aldı və heç nəyi fikirləşmədən çıxıb getdi. Foqts bizim futbolda fiziki hazırlığın sıfır dərəcəsində olduğunu bilirdi. Ona görə gec qərar verdiyini düşünürəm. Getməyinin də mənim üçün böyük önəmi yoxdur. Fiziki cəhətdən komandanı hazırlamalı olan şəxs kimdirsə, onun yaxasından yapışmaq lazımdır. Yoxsa Foqts getdi, "Moks" gələcək, yenə də eyni nəticə olacaq. Gələn məşqçi bizim futbolçuların fiziki hazırlığını, sürətini artırmalıdır. Bizdə texnikalı futbolçular həmişə olub, indi də var. Amma nə olsun? Toya yarım saatlıq gedən müğənnilər var, 1-ci saatdan sonra proqramları qurtarır, başlarını götürüb qaçırlar. Bizim futbolçular da elə, 15 dəqiqə oynayırlar, vəssalam”.
Elvin ƏHƏD