Peşəkar Futbol Liqası (PFL) və Topazın təşəbbüsü ilə hər turda jurnalistlərin bölgələrdə oynanılacaq qarşılaşmaları işıqlandırmağa aparma qərarı bütün idman mediasının ürəyincə oldu. İlk səfər Qəbələyə idi. Mən də Sportnet.az-ın yeni əməkdaşı kimi bölgədə keçirilən oyuna birinci dəfə idi yollanırdım. Bu, XIII turun "Qəbələ” – "Simurq” qarşılaşması oldu. Şimal-Qərb derbisi.
Səhər 8:30-da hamını AFFA-nın binası önündə rahat avtobus gözləyirdi. Hər kəs səfər ovqatında idi. Avtobus hərəkətə başladıqda isə PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev ovqatı daha da yüksəldəcək və "sərnişinlər"in marağına səbəb olacaq yenilik barədə danışdı. Deməli, Topaz Qəbələyə səfər edən junalistlər arasında müsabiqə təşkil edəcək, kim oyunun hesabını düzgün yazsa, 1000 manat mükafatın sahibi olacaqdı. Bəli, olacaqdı! Çünki heç kim düzgün hesabı təxmin edə bilmədi. Ən azından ona görə ki, hər kəsin "Qəbələ”ni favorit saydığı oyunda çərxi-fələk tərsinə döndü.
Yolboyu futbolumuzun tarixindən və indiki durumundan, əvvəlki səfərlərdən söhbətlər edə-edə uzun yolçuluğun uzaqlığını hiss etmədik. Qəbələ isə bizi dumanla qarşıladı. Stadiona çatanda çiskinli havada soyuq tribunadan oyunu işıqlandırmaq, yoxsa xəstələnməmək barədə düşünürdük. Öyrəndik ki, "Qəbələ" rəhbərliyi Bakıdan gələn media nümayəndələri üçün VIP lojalardan birində yer ayırıb. Dərdimizə dərman tapıldı. Qaldı təkcə, gözəl oyunu seyr etmək.
Matçın əvvəllərinin "Qəbələ"nin üstünlüyü ilə keçəcəyini təxmin edirdik, lakin zaqatalalılar ilk qolu gecikdirmədi. 7-ci dəqiqədə Stanoyeviç "Qəbələ”liləri "salamladı". Ev sahiblərinin bərabərlik qolu birinci hissənin sonlarında gəldi. Ekiqo Ekihosun tarazlığı bərpa etdi.
İkinci hissədə oyunun tempi aşağı başlasa da, sonradan çıskinli havada qol yağışının şahidi olduq. Milli komandamızın və "Qəbələ”nin qapıçısı Kamran Ağayev qapısını dəfələrdə topdan müdafiə etdi. Hətta o, İlkin Qırtımovun yaxın məsafədən vurduğu topu da gözəl hərəkətlə dəf etdi.
İlk yarıdan fəallıq göstərən Draqan Çeran bir daha qəbələliləri məyus etdi. Üç dəqiqədən sonra buraxdığı qolun şokundan ayılmayan "Qəbələ” futbolçuları Ceranın özünün ikinci, komandasının üçüncü topundan sonra təsəlli qolu aramağa başladılar. 90+2-ci dəqiqədə Bəxtiyar Soltanov "Qəbələ”nin ikinci qolunu vurdu. Bununla da "Qəbələ" minimal fərqlə uduzdu - 2:3.
Oyunu bitirdik, bir az da azarkeşlərdən danışaq. "Qəbələ”nin əsas azarkeş gücü futbol akademiyasının yetirmələri idilər ki, onlar da pis-yaxşı oyunu yola verdilər. Klub rəhbərliyinin yaratdığı şərait qarşılığında stadion yenə də tam dolmamışdı. Rəhbərlik nə etsin? Millinin oyununda stadion dolanda, bölgə klubunun azarkeşləri də "oyanacaq”. Zaqatalanın Qəbələyə yaxın olmağını nəzərə alsaq, "Simurq” azarkeşlərinin də çox olacağını gözləmək olardı. Lakin 10-15 nəfəri keçmədilər.
Dədə-babadan qayda belədir ki, hər yerdə, Avropada da, Afrikada da oyundan sonra futbolçular jurnalistlərə açıqlama verməlidirlər. Verməyə də bilərlər, lakin bunu mədənicə etməlidirlər. "Yox” demədən yox deməyi bacarmaq məsələsi. Lakin "Qəbələ”nin bəzi futbolçuları media nümayəndələrinə elə tərzdə etiraz etdilər ki, sanki biz futbolçuyuq, bunlar jurnalistdirlər. Xüsusən, yerli oyunçular...
Gələn səfərlərdə görüşərik. Zatən gedəsi 3 rayonumuz var. Qəbələdə olduq, noyabrın 30-da Zaqataladayıq. Qalır Lənkəran. Orda da ki, stadionun otu təmirdədir. Nə vaxt hazır olar, ora da gedərik. Necə deyərlər: Kompüter və canlı qüvvə bizdən, yüksək təşkilatçılıq və rahat avtobus PFL-lə Topazdan.
Hə, 1000 manat da öz yerində. Amma cibdə qalmamaq şərtilə...
Məcid HƏSƏNLİ
Bakı - Qəbələ - Bakı