İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı, "Kolizey İnşaat"ın baş sponsorluğu və Sportnet.az-ın informasiya dəstəyi ilə Çempionlar Liqası ilə bağlı keçirilən "Çempion" yarışmasında yarımfnal cütləri müəyyənləşib. Sportnet.az xəbər verir ki, bu, yarımfinal mərhələsinin püşkatma mərasiminin nəticələrinə əsasən məlum olub.
Növbəti mərhələdə də İspaniya "Barselona"sını təmsil edəcək "Qəbələ" İK qəzetinin əməkdaşı Mehman Süleymanovun bəxtinə Almaniya "Bavariya"sının "nümayəndə"liyinə sahib çıxan ANS-çi Vüsal Süleymanov çıxıb. Süleymanovlar arasında ilk görüş mayın 6-da, təkrar qarşılaşma mayın 12-də keçiriləcək. Görüşün nəticəsindən asılı olmayaraq, finalçılardan birinin soyadının Süleymanov olacağı dəqiqdir.
Digər qarşılaşma isə İtaliya "Yuventus"unu təmsil edən FİFA referisi Əliyar Ağayevlə İspaniya "Real Madrid"inin nümayəndəsi, "Fanat.az"ın əməkdaşı Ceyhun Əliyev arasında keçiriləcək. Bu görüş isə mayın 5-də və 13-də baş tuacaq.
Qeyd edək ki, "Çempion" yarışması Çempionlar Liqasının 1/8 finalında başlanıb. Yarışmaya klub rəsmiləri, futbol veteranları, hakim və jurnalistlər qatılıblar.