Gəncədə keçirilən III MDB Oyunlarında Azərbaycan kişilərdən ibarət voleybol millisi Özbəkistana 0:3 hesabı ilə uduzub. Oyundan sonra yığmamızın baş məşqçisi Cahangir Seyid Abbasi Sportnet.az-a müsahibə verib:
– Qarşılaşmanı necə dəyərləndirirsiniz?
– Əvvəlcə rəqib komandanı təbrik edirəm, eləcə də öz komandamı təbrik edirəm. Bugünkü rəqibimiz Özbəkistan yığması 1 ay əvvəl dünya çempionatından qayıtmış komandadır. Onlar artıq 5 ildir ki, həm dünya, həm də Asiya çempionatlarında çıxış edirlər. Ona görə də çox təcrübəli kollektivdir. Buna baxmayaraq, ilk setdə öndə idik. Təcrübəsizliyin ucbatından həmin üstünlüyü saxlaya bilmədik. Ümumiyyətlə, bu yarış bizim komandanın ilk beynəlxalq təcrübəsidir.
– Məğlubiyyətin səbəbləri barədə nə deyə bilərsiniz?
– Biz uduzduq və mən bütün məsuliyyəti üzərimə götürürəm. Amma uşaqlar çox yaxşı mübarizə apardılar. Bu yarışlardan təcrübə toplamalıyıq. Hər setdə 1-2 səhv etməsəydik, indi qalibiyyətdən danışırdıq. Buna baxmayaraq, oyunçularımız sona qədər döyüşkənlik göstərdilər. Onlara təşəkkür edirəm.
– Məğlubiyyət komandanın psixologiyasına necə təsir edə bilər?
– Təbii ki, bu cür nəticələr psixoloji baxımdan çətinlik yarada bilər. Amma çempionat davam edir, hələ heç nə bitməyib. Əsas məsələ kollektivimizi hazırlamaqdır. Növbəti rəqibimiz Rusiya olacaq. Onlar dünyanın ən güclülərindəndir. Çətin olacaq, amma çalışacağıq ki, ən azı medal qazanaq.
– Rusiyaya qarşı görüşdə hansı dəyişikliklər nəzərdə tutursunuz?
– Açığı, çox böyük dəyişiklik etmək imkanımız yoxdur. Heyətimiz geniş deyil. Uşaqların yalnız 1-2 nəfəri Bakıdandır, qalanlarını rayonlardan seleksiya edib gətirmişəm və komandamızı sıfırdan qurmuşuq. Ona görə də oyunçu sayımız azdır. Amma gələcək illərdə federasiyanın qurduğu siyasət nəticə verəcək və oyunçu sayı artacaq. Taktiki baxımdan isə bir sıra dəyişikliklər etməyi planlaşdırırıq.












































































