Bakıda təşkil olunan cüdo üzrə Böyük Dəbilqə turnirində 60 kq çəki dərəcəsində bürünc medal qazanan Orxan Səfərov yarışla bağlı fikirlərini bölüşüb. Sportnet.az-ın məlumatına görə, 26 yaşlı idmançı jurnalistlərin suallarını cavablandırıb.
- Bürünc medal qazandığınız üçün təbrik edirik. Yarış barədə nə deyə bilərsiniz?
- Turnir çox yaxşı təşkil olunub. Öz ölkəndə beynəlxalq yarışlarda çıxış etmək böyük məsuliyyətdir. Ona görə də güləşmək çətin olur, adam özünü rahat hiss etmir.
- Nəticəni özünüz üçün uğurlu hesab edirsiniz?
- Uduzduğum görüşü nəzər almasaq, bəli. Lakin Qusman Kirgizbayevə iki həftə əvvəl Parisdə qalib gəlmişdim. Bu dəfə nədənsə alınmadı. Bəlkə də, həddindən artıq məsuliyyətli yanaşdığım üçün belə oldu. Çempionluğa güləşirdim.
- 1/4 finalda Q.Kirgizbayevlə görüşdə nə baş verdi ki, uduzdunuz?
- Birincisi, hakim heç nədən mənə iki xəbərdarlıq verdi. Bundan sonra hücum etmək məcburiyyətində qaldım. Bu zaman isə rəqib məni səhvdə tutdu. Sonra da yoruldum, nə qədər hücum etmək olar?
- Qarşıdan Tbilisi və Antalya Qran-Priləri var. Bu yarışalrın hər ikisində iştirak edəcəksiniz?
- Xeyr, Avropa çemionatına və İslam Həmrəyliyi Oyunlarına hazırlaşacağıq. Bu iki önəmli yarışda yaxşı çıxış etmək üçün təlim-məşq toplanışları keçməliyik.
- Növbəti iki gündə cüdoçularımızdan nə gözləyirsiniz?
- Rüstəm Orucov, Hidayət Heydərov, Nicat Şıxəlizadə, Məmmədəli Mehdiyev, Tural Səfquliyev, Elxan Məmmədov, Elmar Qasımov və Uşanqi Kokauridən medal gözləyirəm.
- Artıq sizin İslamiadada çıxış edəcəyiniz söyləmək olar?
- İnşallah, zədə-filan olmasa, çıxış edəcəyəm.