Azərbaycanın boks üzrə Avropa və ikiqat dünya çempionu, milli komandanın kapitanı Məhəmmədrəsul Məcidovun Sportnet.az-a müsahibəsi
- İyunun 14-də Ukraynanın Xarkov şəhərində start götürəcək Avropa çempionatına hazırlıqlar necə gedir?
- Hazırlıqlar normal gedir. Bütün boksçular yaxşı hazırlaşırlar. Görək, neçə çıxış edə bilərik...
- "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunları ilə Avropa çempionatını müqayisə edə bilərsiniz?
- Açığı, Avropa çempionatı daha yaxşı və daha çətin yarış olacaq. Çünki "köhnə qitə"də boksun vəziyyəti İslam ölkələrindəkindən üstün durumdadır. Çətinlik də buna görə olacaq. Amma biz hazırlaşırıq. Dünyada aparıcı komandalardan biriyik. Ona görə də normal yerlər tutmalıyıq.
- Avropa çempionatında medallarla yanaşı, Almaniyanın Hamburq şəhərində keçiriləcək dünya çempionatına lisenziyalar əldə olunacaq. Bu, qarşınıza qoyulan vəzifəni ağırlaşdırmır?
- Əlbəttə, istənilən halda hədəf çətinləşir. Hamı dünya çempionatına vəsiqə qazanmaq istədiyindən, köklənmiş vəziyyətdə olacaqlar. Amma keçilməz rəqib yoxdur. Şəxsən mən öz çəkimdəki bütün aparıcı boksçuları yenmişəm. Özümə bir çətinlik görmürəm. Hazırlıq səviyyəm normaldır. Zədəm olmasa, çempionluq əldə edəcəyəm.
- Olduqca açıq döyüşə girməyə meylli boksçu təsiri bağışlayırsınız. Ya nokautla qələbəyə can atır, ya da elə zərbələr buraxırsınız ki, qaşınızdan və ya sifətinizdən qan açılır və texniki nokautla uduzursunuz. Bunun səbəbini necə izah edə bilərsiniz?
- Deyə bilmərəm. Hər şey Allahın əlindədir. Döyüş vaxtı zədə alıramsa, deməli, pis hazırlaşmışam və ya zərbəni görə bilməmişəm. "Bakı 2015" I Avropa Oyunlarında gürcüstanlı rəqibim mənə başla zərbə endirmişdi. Nəticədə yarımfinalda döyüşə bilməyərək, bürünc medalla kifayətlənmişdim. Buraxacağın zərbələri əvvəlcədən görmək mümkün deyil. Bir az ehtiyatlı döyüşmək, daha yaxşı hazırlaşmaq lazımdır. Pis hazırlaşdıqda zədələr də alırsan, çünki orqanizm lazımi vəziyyətdə olmur. Burada özümdən başqa heç kim günahkar deyil.
- Özünüzü 2011 və 2013-cü illərdə dünya çempionu, 2012-ci ildə olimpiya mükafatçısı olduğunuz səviyyədə hazırlıqlı sayırsınız?
- Hələ o qədər də yaxşı formada deyiləm. Dizimdən əməliyyat olunmuşam, digər zədələrlə də üzləşmişəm. Çox az məşq etmişəm. Amma tədricən formamı yüksəldirəm və fikrimcə, Avropa çempionatında yaxşı vəziyyətdə olacağam.
- Bəs komandanın digər üzvləri necədirlər?
- Pis formada deyillər. İslamiadadan sonra bir müddət istirahət etdilər. İndi bərpa dövrü keçərək, Avropa çempionatına tam hazır vəziyyətə gəlməyə çalışırlar.
- Yeni baş məşqçi Leonid Loivskinin gəlişindən sonra nə dəyişib?
- Əlbəttə, hər bir yeni baş məşqçi bilik və bacarığını bizə aşılamağa çalışır. Hərəsindən yeni nəsə götürürük. Loivski çox savadlı baş məşqçidir, bizim çox xoşumuza gəlir. Düzgün hazırlıq keçir, texniki cəhətdən artırmışıq. Dediklərinə tam əməl etsək, daha hazırlıqlı olacağıq.
- Bəs nizam-intizam hansı səviyyədədir?
- Nizam-intizama əməl etməyə məcbur edir. Gecikənləri cəzalandırır. Təbii ki, döymür. Əlavə məşq, jim hərəkətləri etdirir, qaçırtır. Fiziki cəza ən yaxşı vasitədir. Mən də gecikəndə cəzalanmışam. Bütün uşaqlarda belədir və bu, düzgün qərardır.
- Siz də cəzalanmısınız?
- Deyəsən, bir dəfə olub. Bunsuz mümkün deyil. Məşqə gecikəndə özü deməmiş "jim" etmişəm. Nizam-intizam birinci növbədə gəlməlidir.
- İslamiada üçün nəzərdə tutulan mükafatı almısınız?
- Bəli, hamı kimi mən də almışam.
- Adətən, belə mükafatları hara sərf edirsiniz?
- Əlbəttə, xeyriyyəçiliklə də məşğul oluram, məscidlərə kömək edirəm. Bunları dilə gətirmək əslində düzgün olmazdı. Təbii ki, ailəmə də sərf edirəm.
- Bizneslə məşğul olursunuz?
- Xırda biznesim var. Həm Bakıda, həm də Dağıstanda. Amma biznesimin istiqaməti barədə danışmaq istəmirəm.