Sportnet.az Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədovun müsahibəsini təqdim edir:
- İlin ilk yarışında qalib oldunuz. Təəssüratlarınız necədir?
- İlk olaraq məndən qələbə gözləyən, bu uğuruma sevinən hər kəsə təşəkkür edirəm. Tam formada olmasam da, xarakterim hesabına güləşdim və ölkəmə qızıl medal bəxş etdim. Hər zaman olduğu kimi, bu turnirdə də qızıl medalsız qalmadığımız üçün sevinirəm.
- Yarışın səviyyəsi barədə nə deyə bilərsiniz?
- Avropa və dünya çempionatlarında hər ölkənin 1 nömrəli idmançısı burada mübarizə aparırdı. Amma bu kimi yarışlarda ölkələr bir çəkidə 3 nəfərlə də təmsil oluna bilir. İki iranlı ilə üz-üzə gəldim və bunlar bir-birindən ağır görüşlər oldu.
- Bir ay əvvəl Bakıdakı Dünya Kubokunda bu iranlılardan birinə uduzmuşdum. Bəzilərinin ürəyincə idi və haqqımda nə gəldi yazırdılar. Deyirdilər ki, idmanı atmalıdır, qocalıb və yarışa aparılmamalıdır. Məni həqiqətən istəyənlər şəxsidə yazıb fikirlərini bildirə bilərdilər. Bunlar bizim ölkəmizin qələbələrinə sevinməyən insanlardır. Amma sübut etdim ki, idmanda qalib gəlmək də, məğlub olmaq da var. Bunun yaşla əlaqəsi yoxdur, uduzduğum rəqibə də qalib gəldim. Hazırda ölkəmə qarşı haqsızlıqların olduğunu da bilirəm. Bir az da olsa, qalib gələrək xalqımızı sevindirə bildim. Məqsədlərimiz böyükdür. Digər yarışlara yaxşı hazırlaşıb, bizi istəməyənləri nailiyyətlərimizlə susdurmalıyıq.
- Həmin görüşlərə əlavə motivasiya ilə çıxmışdınız?
- Əlbəttə. Çünki İrandakı səfirliyimizdə törədilən terrordan sonra onlara qarşı ancaq qaləbə haqqında düşünürdüm. Xalqımızın az da olsa iranlı idmançı üzərində qələbəmə sevinəcəyini bilirdim.
- Bu, bizi istəyən hər kəsin uğuru idi. Mənim üçün xüsusi bir nəfər var, qələbəmi də ona həsr edirəm (gülür).
- 2023-cü ilə yaxşı start verdiniz. Artıq olimpiya çəkisində güləşməyi hədəfləyirsiniz?
- Bu il 63 kq-da güləşmək niyyətindəyənm. Əgər 60 kq-da bu il lisenziya qazanan olmasa, növbəti il turnirlərin birində 60 kq-da özümü yoxlamaq istəyirəm.
- Artıq Avropa və dünya çempionatında qızıl medal qazanmağı hədəfləyirəm. Qismət olsa, olimpiadada iştirak etsəm, medal üçün əlimdən gələni edəcəyəm. Bundan sonra isə karyeramı bitirəcəyəm. Çünki bu şans bir də olmayacaq (Report).