
Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 125 kq çəki dərəcəsində yer alan idmançı yarımfinalda Geno Petriaşvili (Gürcüstan) ilə görüşüb.
Təmsilçimiz bu görüşdə rəqibinə 0:7 hesabı ilə məğlub olub.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
...........
Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili “Paris-2024” Yay Olimpiya Oyunlarında 1/4 final görüşünü keçirib.
Sportnet.az xəbər verir ki, 125 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bu raundda monqolustanlı Muktur Laqvagerellə üz-üzə gəlib.
Rəqibini “tuş”la (tam üstünlük) məğlub edən güləşçimiz yarımfinala yüksəlib. Finala gedən yolda onun rəqibi Robert Baran (Polşa) - Geno Petriaşvili (Gürcüstan) cütünün qalibi olacaq.
Bu gün mübarizəyə qoşulan digər sərbəst güləşçimiz Turan Bayramov (74 kiloqram) isə ilk görüşündə albaniyalı Çermen Vəliyevə uduzub. Rəqib finala çıxsa, idmançımız bürünc medal uğrunda təsəlliverici görüşə qatılacaq.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 5 medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) bürünc medala sahib çıxıblar. Boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.
------------------------------------
Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.
Sportnet.az-ın məlumatına görə, 74 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində Albaniya təmsilçisi Çermen Valiyevlə üz-üzə gəlib.
Görüşdə güləşçimiz rəqibinə 3:4 hesabı ilə məğlub olub. Valiyev finala vəsiqə qazansa, təmsilçimiz sabah təsəlliverici görüşə qatılacaq.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
----------------------------------
Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.
Sportnet.az xəbər verir ki, 125 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində misirli Diaeldin Abdelmottaleblə üz-üzə gəlib.
Rəqibinə qalib gələn Meşvildişvili (4:0) 1/4 finala vəsiqə qazanıb. O, növbəti raundda Lxaqvaqerel Munxtur (Monqolustan) ilə görüşəcək.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.