Rio De Janeyroda keçiriləcək XXXI yay Olimpiya Oyunlarında tam heyətlə - 4 nəfərlə təmsil olunmaq hüququ qazanan Azərbaycan taekvondo yığması qarşıdan gələn məsul yarışa hazırlaşır. Kişilər Reza Mehmandust və Elnur Amanovun, qadınlar isə koreyalı mütəxəssis Sun Mi Park ilə birgə çalışmalarını davam etdirirlər.
Bundan əvvəl isə tsiklın son mötəbər yarışı olan Avropa çempionatı keçiriləcək. Mayın 19-dan 22-dək İsveçrənin Montrö şəhərində baş tutacaq qitə mücadiləsində ilk dəfə olaraq bir ölkənin iki təmsilçisi mükafatlar uğrunda mübarizə aparacaq. Yarışlara hazırlıq prosesini öyrənmək üçün yığma komandanın məşqində olduq.
Həftənin altı günü, gündəlik iki üç dəfə olmaqla məşq keçən yığma üzvlərinin cizgilərindən yorğun olduqları hiss olunurdu. Ancaq qarşılarına böyük məqsədlər qoyan taekvondoçularımız bunu büruzə verməməyə, məşqçilərin bütün təlimatlarını yerinə yetiriməyə çaışırdılar.
İlk Avropa Oyunlarının qalibi, kişilər arasında 80 kq çəki dərəcəsində ölkəmizi olimpiadada təmsil etmək hüququ qazanan Milad Beiqi Harçeqani də söylədiklərimizi təsdiqlədi. Olimpianın digər yarışlarla müqayisə olunmadığını, nəticə qazanmağın digərləri ilə müqayisədə iki-üçqat çətin olduğunu deyən Harçeqani əsas rəqiblərinin kimliyini də açıqladı: "Gördüyünüz kimi, məşqlərimiz çox ağır keçir. Əlimizdən gələni etməyə çalışırıq ki, hazırlığımız yetərli səviyyədə olsun. Olimpiada digər tunirlərə bənzəmir. Orda zəif hesab etdiyin, heç medalçılar sırasında görmədiyin idmançı bəzən hətta çempion da olur. Oranın ab-havası tam başqadır. İlkin qənaətim belədir ki, Olimpiadada əsas rəqiblərim Rusiya, İran,Tunis, Böyük Britaniya təmsilçiləri olacaq. Onlarla müxtəlif yarışlarda qarşılaşmışıq. Udmuşam da, uduzmuşam da. Əlimdən gələni edirəm ki, Azərbaycana olimpiya medalı qazandırım".

Əsas qızıl medal ümidi hesab edilən, son iki qitəmiqyaslı yarışın qalibi, dünya çempionu Radik Isayevin çəki dərəcəsi olimpiadanın proqramında yer almadığından, o mülləq çəkidə çıxış edəcək. Yəni, mübarizədə onun tanımadığı rəqiblər də olacaq. Bu səbəbdən, idmançı bir qədər ehtiyatlı danışdı: "Təlim-məşqlər normal keçir. Gün ərzində iki dəfə məşq edirik. Məşqçilər üzərimizdə çox ciddi çalışır. Biz necə istəkliyik, necə əzmlə çalışır, məqsədimizə doğru addımlayırıqsa, rəqiblərimiz də təbii ki, eyni səy, amalla hazırlaşır. Kiminsə adını çəkmək istədməzdim. Hər-halda bəzilərini tanıyırıam, müxtəlif turnirlərdə rəqib olmuşuq. Bəziləri isə bir yuxarı çəki dərəcəsində çıxış etdiklərindən, onlarla üzləşməmişik. Bax, o rəqiblər üzərində xüsusi hazırlıq keçirik. Mütəmadi videoyazıları izləyirik".
Qadınlardan ibarət yığmanın lideri, dünya və qitə çempionatlarının, I Avropa Oyunlarının mükafatçısı Fəridə Əzizova birgə təlim-məşq toplanışlarından başqa həmçinin şəxsi müəllimi Səbuhi Zülfüqarovun da yanında fərdi məşq keçir. Azərbaycan taekvondosunu olimpiadada təmsil edən ilk qadın idmançı olan Fəridə hazırlıqla bağlı bunları dedi: "Həmişəkindən ikiqat artıq hazırlaşırıq. Həftənin beş günü gündə iki dəfə olmaqla məşq keçirik. Altıncı bir məşq keçir, yalnız bazar günü istirahət edirik. Bütün idmançılar kimi çempion olmaq istəyirəm. Ancaq rəqiblər də asan deyil. Onlar arasında dəfələrlər qarşılaşıb, yenib-yenildiyim idmançılarla yanaşı, heç üzləşmədiklərim də var. Rəqiblərim siyahısında yer alan 15 idmançının hər biri ilə bağlı ayrılıqda analiz aparırıq. Öncədən nəsə demək istəmirəm".
Kişilərdən ibarət yığmanın köməkçi məşqçisi Elnur Amanov diqqətin ilk olaraq Avropa çempionatına yönəldiyini bildirdi: "Qarşıda ilin ilk mötəbər yarışı olan Avropa çempionatı gəlir. Komanda olaraq diqqəti tam ora yönəltmişik. Kişilərdən ibarət yığmamız 8 çəkidə 12 nəfərlə təmsil olunacağıq. Bu turnirdə nailiyyət qazanıb olimpiadaya yüksək əhval-ruhiyyədə yollanmağı düşünürük. Avropa çempionatından sonra Olimpiada iştirakçıları ilə fərdi qaydada məşqlərə başlayacağıq".
Amanov zədəli taekvondoçunun olmadığını, komandanın tam gücü ilə məşqlərə davam etdiyini dedi.
Federasiya tərəfindən qarşıya hansı məqsədin qoyulması məsələsinə gəldikdə, Amanov bildirdi ki, rəhbərlik tərəfindən bu barədə Avropa çempionatından sonra geniş tərkibdə görüşün keçirilməsi planlaşdırılır.
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir