2019-cu ildə Bakıda keçiriləcək Avropa Yeniyetmələrinin Olimpiya Festivalının (EYOF) iştirakçıları yataqxanalarda qalacaqlar. Sportnet.az-ın məlumatına görə, bu barədə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə jurnalistlərə açıqlamasında bildirib.
O, hər bir ölkədə festival keçirilən zaman idmançıların yataqxana tipli məkanlarda yerləşdirildiyini deyib: "Onlar 16-18 yaşlı idmançılardır. Bizim 2019-cu ildə başqa imkanlarımız olacaq ki, həmin idmançıları rahat şəkildə yerləşdirək".
Ç.Hüseynzadə dövlət planına əsasən, 2019-cu ilə qədər ali məktəblər üçün yataqxanaların tikiləcəyini, festival iştirakçılarının da ya bu yataqxanalarda, ya da hansısa düşərgələrdə yerləşdirilə biləcəyini söyləyib: "Yanvarın 26-da İsveçrədə Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin iclası keçiriləcək. Orada EYOF-un Bakıda təşkilinə dair müqavilə imzalanacaq. Bundan sonra Təşkilat Komitəsi yaranacaq və o zaman idmançıları harada yerləşdiriləcəyimizi düşünəcəyik. Hazırkı Atletlər kəndi çox yüksək səviyyədədir və o yeniyetmələr üçün deyil".
Qeyd edək ki, "Bakı-2015" I Avropa Oyunları zamanı ölkələrin nümayəndə heyətləri Atletlər Kəndində qalıb. Həmçinin bu il baş tutacaq IV İslam Həmrəyliyi Oyunları zamanı da nümayəndə heyətləri həmin məkanda məskunlaşacaq.