"Bu gün, eyni zamanda, Gəncə İdman Sarayının tikintisi ilə tanış oldum. Bu sarayı da mənim təşəbbüsümlə inşa etməyə başlamışıq".
Sportnet.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev "AZƏRTAC"a müsahibəsində deyib.
Dövlət başçısı Gəncə İdman Sarayını çox böyük layihə kimi dəyərləndirib: "Deyə bilərəm ki, Azərbaycanda bu boyda idman sarayı yoxdur, hətta Bakı şəhərində. Baxmayaraq ki, Bakı şəhərində bir çox idman sarayları var, - ancaq bütün əsas idman növlərinin bir yerdə cəmləşməsi Bakıda yoxdur. Burada isə həm döyüş idman növləri, güləş, boks, həm məktəblər - güləş məktəbi, boks məktəbi, həmçinin əl oyunları üçün xüsusi zal - basketbol, voleybol, həndbol, 50 metrlik üzgüçülük hovuzu, yardımçı otaqlar və zallar, otel. Yəni, bir daha demək istəyirəm ki, bu, ölkəmizin ən böyük idman sarayıdır. Bu sarayı Gəncədə inşa etmək gəncəlilərə edilən bir hədiyyədir".
Prezident İlham Əliyev onu da bildirib ki, hələ Milli Olimpiya Komitəsinə rəhbərlik etdiyi vaxt Gəncədə Olimpiya Mərkəzinin yaradılması təşəbbüsü ilə çıxış edib və o idman qurğusu o vaxt inşa olunub: "İllər keçdikcə, əlbəttə, bu idman obyekti həm fiziki, həm mənəvi cəhətdən köhnəlib və orada normal məşq etmək üçün şərait o qədər də uyğun deyildi. Amma bu idman sarayı, əminəm ki, gələn ilin sonuna qədər istifadəyə veriləcək, həm idmançılar, həm də şəhər sakinləri üçün çox faydalı olacaq. Çünki mən hesab edirəm və haqlıyam ki, hər bir insan idmanla məşğul olmalıdır".