"Yarış mənim üçün uğurlu keçdi. Bunun üçün 1 aya yaxın hazırlıq keçmişdim. Onun təsirini yaxşı gördüm. Finaladək döyüşlərdə ancaq 1 xal buraxdım. Bu da Əlcəzair idmançısı Dayki Hosinə 2:1 qalib gəldiyim görüş idi. Yalnız final görüşündə haqsızlığa uğrayaraq gümüş medalla mükafatlandırıldım".
Bunu Sportnet.az-a açıqlamasında Türkiyənin Konya şəhərində keçirilmiş V İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanan Azərbaycan karateçisi Asiman Qurbanlı deyib.
30 yaşlı idmançı bildirib ki, finalda Olimpiya mükafatçısı, üçqat Asiya çempionu Səudiyyə ərəbistanlıTareq Hamediyə 4:10 hesabı ilə uduzduğu görüşdə ona haqsızlıq edilib: "Finaldakı rəqibim Olimpiya ikincisi olan Səudiyyə Ərəbistanı idmançısı idi. Ona vurduğum zərbələr xal kimi qeydə alınmadı və ya əksinə mənə vurduğu, amma xal olmayan zərbələr hesabda nəzərə alındı. Bunu özümə bəhanə kimi gətirmirəm. Özümdə də günah görürəm ki, bu qədər rahatlıq olmaz. Hər şey olub keçdi, geridə qaldı. Yalnız və yalnız irəli baxmaq və belə səhvlər buraxmadan qələbə qazanmaq lazımdır. Gün o gün olsun ki, Azərbaycanın bayrağını ən yüksək zirvəyə qaldırım".
2019-cu ildə Minskdə II Avropa Oyunlarının qalibi olan, ötən il Dubayda dünya üçüncüsü olan Qurbanlı İslamiadada digər idman növlərindən fərqli olaraq, zəif rəqiblər olmadığını bildirib: "Avropa Oyunlarında da güclü rəqiblər vardı. Amma İslamiadada da güclü rəqiblər az deyildi. Özünüz təsdiq edərsiniz ki, Olimpiadada ən yüksək çəkidə (+75 kq) finalçılar məhz müsəlman ölkələrinin idmançıları idi. Biri İran azərbaycanlısı Səccad Gənczadə idisə, digəri İslamiadanın finalındakı rəqibim Tareq Hamedi idi. Sadəcə, Səccadın yerinə bu dəfə başqa iranlı Məcid Nikohemmat iştirak edirdi. Onu da ilk görüşdə 2:0 məğlub etdim. Mən indiyədək finaldakı rəqibimi 3 dəfə məğlub etmişdim. Ona ikinci dəfə məğlub olurdum".
Asiman Qurbanlı bildirib ki, hamı İslamiadanın bağlanışına hazırlaşdığı bir vaxtda o döyüşürmüş: "Onu deyim ki, nə qədər hamı məndən qızıl medal gözləsə də, heç kim bunu mənim qədər arzulaya bilməzdi. Çünki o əziyyəti çəkən, zədə alan, gecəsini gündüzə qatan mən idim. Təbii ki, mən də qızıl medal qazanmağı istərdim. Bu dəfə alınmadı. Hakim haqsızlıqlarını bəhanə gətirməyəcəyəm. İnşallah, gələn dəfə çalışacağam ki, bu, qızıl medal olsun".
Qeyd edək ki, Asiman Qurbanlı İslamiadanın ikiqat mükafatçısıdır. O, 2017-ci ildə Bakıda keçirilmiş Oyunlarda bürünc medal qazanmışdı.