"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkünü dəyərləndirib. Sportnet.az-ın məlumatına görə, 42 yaşlı mütəxəssis klubun rəsmi saytına açıqlamasında Malta "Valletta"sının mübariz və sonadək döyüşən xarakterdə olduğunu vurğulayıb.
Qurbanov deyib: "Çempionlar Liqasının bu mərhələlərində ancaq ölkələrinin çempionları çıxış edir. İlkin potensial rəqiblərimiz müəyyənləşən zaman araşdırma nəticəsində gördük ki, onların hər birinin avrokubok təcrübəsi, nəzəri cəhətdən uğur qazanma şansı var. "Valletta”nın da daimi avrokubok təcrübəsi var. Bir neçə futbolçusu Kipr millisində çıxış edir. Ötən il Azərbaycan yığması ilə keçirdiyi yoldaşlıq görüşü zamanı yığmanın mübarizə aparan, sonadək döyüşən xarakterli futbolçularının olduğunu görmüşdük".
Qurbanov, həmçinin rəqib haqda məlumat toplamağın və oyuna ciddi hazırlaşmağın vacibliyindən danışıb: "Heç kim deyə bilməz ki, biz mərhələni keçmişik. İlk oyuna qədər yetərincə vaxtımız var. Çalışacağıq ki, rəqib haqqında məlumat toplayaq. İstənilən rəqibə hörmətlə yanaşırıq. Futbol artıq elə bir dönəmə gəlib ki, zəif-güclü anlayışı yoxdur. Biz hər zaman meydana qələbə üçün çıxırıq. Amma rəqibə hörmətlə yanaşmalı və ciddi olaraq hazırlaşmalıyıq.”