"Qarabağ” hansı amillərin hesabına çempion oldu? Bu sualın cavabında
4 amil daha çox nəzərə çarpır.
Qurban Qurbanov
Heç şübhəsiz ki, Qurbanov futbolumumuzda olan ən istedadlı məşqçilərindəndir. Badalaq verən olmasa, tezliklə səsi Avropadan gələ bilər. O, istər "Nefçi”də, İstərsə də "Qarabağ”da böyük işlər görüb. Təsadüfi deyil ki, "Neftçi”dən ayrılandan sonra bu klub uzun müddət özünə gəlmədi. Eləcə də "Qarabağ”ı təhvil alanda vəziyyəti çox da yaxşı olmayan komandanı çempionluğadək daşıya bildi. Amma burada məntiqli sual meydana çıxır: Niyə əvvəlki illərdə "Qarabağ” çempion ola bilmirdi? Bu sualın cavabı daha 3 amildə ola bilər.
Məşqçi üçün müddət
Nəzərə almaq lazımdı ki, çempionluğa gedən yol bir ilə qət edilmir.
Burada məşqçinin fəlsəfəsinin, taktiki düşüncələrinin komandaya oturuşması üçün
müəyyən dövrə ehtiyac var və belə hesab etmək olar ki, bu dövr artıq bu il, çempionluğu
gətirən il başa çatıb. Mən isə belə olduğunu düşünmürəm. Bir məşqçiyə beynini
komandaya "köçürməsi” üçün - əgər bu, gənclərdən
ibarət uzunmüddətli stradegiyaya hesablanmış futbolçular deyilsə - maksimum 3-4 il bəs edər. Qurban bəy artıq
altı ildir "Qarabağ”dadır. Deməli, "Qarabağ”ın çempion olmasının səbəbi vaxt məsələsi
deyil.
Legionerlər
Məşqçinin düşüncələrini meydanda həyata keçirən futbolçulardır. Yəni,
onun beynində çox ideya ola bilər, amma bunun meydanda görünməsi üçün usta
futbolçuya ehtiyac var. Məsələn, dülgər taxtadan bəzəkli qapı-pəncərə düzəltmək
istəyir. O, yaxşı usta olsa belə, əlindəki taxta materialı dülgərlik üçün
yararsızdırsa, məsələn, pip ağacıdırsa, ora naxış vura bilməyəcək, ağac
çatlayacaq. Amma onun əlində şam ağacı olsa beynini rahatlıqla bu taxtanın üzərinə
köçürəcək. Çünki pip şam ağacı ilə müqayisədə çox bərkdir və xarratlıq
materialı kimi əlverişli deyil. Məhz "Qarabağ”da oynayan yerlilər futbolumuzun
qaymaqları olsa da, braziliyalılarla müqayisəsi piplə şam ağacının müqayisəsinə
bənzəyir. Bunu mən yox, Qurbanovlu ötən mövsümlər və Qurbanovlu bu mövsüm
deyir. Yəni, eyni məşqçi ilə fərqli nəticələrin qeydə alındığı göz önündədir.
Buradan aydın olur ki, gəlmə futbolçular komandanın çempionluğunda vacib rol
oynayıblar.
AFFA
Şübhəsiz ki, "Neftçi” ardıcıl 3 il çempion olanda nə qədər söz-söhbətlərin
yarandığını xatırlamalıyıq. "Neftçi”nin lehinə və onu izləyən rəqiblərin əleyhinə
qərarlarların verilməsi barədə şayiələri yada salın. Amma bu mövsüm "Neftçi”
barədə belə söz-söhbətlər eşidilmədi. Eşidilmədi, eyni zamanda "Neftçi” də
çempion olmadı. Eşidilsəydi, bəlkə də "Neftçi” bu il də birinci yerdə görə bilərdik.
Kəsəsi, AFFA istəsəydi "Qarabağ” çempion
olmazdı. Sadəcə, onlar ağdamlıların bu il çempion olmasını istədilər. Yumşaq
ifadə etsək, kömək etməsələr də, mane də olmadılar.
Nəticə
Yuxarıdakı dörd amilin içərisində sonuncusu yalnız ehtimaldır. Həm də
belə işləri görmək qanunsuzluqdur. İnanaq ki, bu, baş verməyib. Ümid edək ki,
bundan sonra da baş verməyəcək və hər şey futbol meydanında həll olacaq, meydandan
kənarda yox.
Digər üç amil isə ümumiyyətlə dünyada qəbul olunmuş şərtlərdir. Həm əla məşqçiyə sahib olub ona vaxt verməlisən, həm də güclü futbolçuların olmalıdır. Azərbaycan səviyyəsində bu il "Qarabağ” hər üç cəhətdən öndə idi. Avropa miqyasında neçənci yerdə olacağını isə zaman göstərəcək.
Fərid MƏMMƏDLİ