"Qarabağ" və "Qəbələ" klublarının Avropa Liqasının qrup mərhələsindəki ev oyunları üçün stadion müəyyənləşdirilməsi prosesinin ilginc təfərrüatları ortaya çıxıb. Sportnet.az-ın əldə etdiyi məlumata görə, hər iki komandanın rəqiblərini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul etməsinə UEFA icazə verməyib.
Avropa futbol qurumu mərkəzi arenanın ot örtüyünün pis vəziyyətdə olmasını səbəb göstərib. Elə bu səbəbdən də "Qarabağ"ın qrupdakı ilk oyununu səfərdə keçirməsi barədə qərar çıxarılıb. Nəticədə "Qəbələ" digər variantları nəzərdən keçirməli olub. Amma məlum olub ki, Bakı Olimpiya Stadionu hələ UEFA tərəfindən qəbul olunmayıb. Hətta bu yaxınlarda stadiona baxış keçirən qurum nümayəndələrinin bir çox çatışmazlıq aşkarladıqları və onların aradan qaldırılmasından sonra stadionda beynəlxalq oyunların keçirilməsinə icazə verəcəkləri müəyyənləşib. Beləliklə, "Qəbələ"nin "Bakcell Arena"nı seçməkdən başqa çarəsi qalmayıb.
Qeyd edək ki, ilk turda "Qarabağ" İngiltərənin paytaxtı Londonda "Tottenhem"in qonağı olacaq. "Qəbələ" isə Yunanıstan PAOK-unu qəbul edəcək. Hər iki oyun sentyabrın 17-də keçiriləcək.