
Bu gün futbol üzrə Azərbaycan milli komandası AVRO-2016-nın seçmə qrup mərhələsində növbəti oyununa çıxacaq. Sportnet.az-ın məlumatına görə, millimiz H qrupunda VII tur matçında Xorvatiya yığmasını qəbul edəcək.
"Bakcell Arena"da keçiriləcək matç Ruddi Bukenin başçılığı ilə fransalı hakimlər briqadasına tapşırılıb. 6 turdan sonra 5-ci pillədə qərarlaşmış millimizin aktivində 4 xal var. Bu xallar məhz hazırkı baş məşqçi Robert Prosineçkinin rəhbərliyi altında son 2 görüşdə qazanılıb. o isə elə Xorvatiya ilə səfər görüşündəki 0:6 hesablı məğlubiyyətin ardından istefaya göndərilmiş Berti Foqtsu əvəzləyib.
Qonaq komanda isə hazırda 14 xalla qrup lideridir. Amma UEFA Nəzarət, İntizam və Etika Komitəsinin qərarına əsasən, komandanın hesabından 1 xalın silinməlidir. Hələlik qərar icra olunmayıb. Səbəb apellyasiyanın verilməsidir.
Matçın özəlliyi isə ondadır ki, Prosineçki öz həmyerlilərinə qarşı mübarizə aparacaq. O, əvvəllər nəinki Xorvatiya yığmasında çıxış edib, hətta komandada köməkçi-məşqçi vəzifəsində çalışıb.
Komandamız oyuna 2 itki ilə çıxacaq. Maksim Medvedev zədə üzündən, Cavid Hüseynov isə həbsdə olması səbəbindən oynamayacaq.
AVRO-2016
Seçmə mərhələ
H qrupu
3 sentyabr
21:00. AZƏRBAYCAN - Xorvatiya - 0:0
Baş hakim: Ruddi Buke
Yan xətt hakimləri: Jiyom Debar, Siril Qrinqor
Əlavə köməkçi hakimlər: Fredi Fotrel, Amori Delerü
Dördüncü hakim: Filipp Jann (hamısı Fransa)
UEFA nüümayəndəsi: Jan-Fransua Kruk (Belçika)
UEFA hakim-inspektoru: Vitor Melo Pereyra (Portuqaliya)
Bakı, "Bakcell Arena"