
Azərbaycan Cüdo Federasiyasına yeni prezident seçiləcək. Bu barədə Sportnet.az-a Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimov məlumat verib.
Onun sözlərinə görə, seçki sabah federasiyanın Milli Olimpiya Komitəsində təşkil olunacaq konfransı çərçivəsində baş tutacaq. Tədbirə ACF-nin hazırkı prezidenti Füzuli Ələkbərov da qatılacaq. İclas zamanı müzakirələrdən sonra səsvermə olacaq. M.Rəhimov seçkidə rəhbər vəzifəyə bir namizədin olduğunu açıqlayıb. Bu, SOCAR prezidenti Rövnəq Abdullayevdir.
Nazirlik rəsmisi bildirib ki, F.Ələkbərov ACF prezidenti kimi fəaliyyəti dövründə cüdonun inkişafı üçün əlindən gələni əsirgəməyib. Amma 2004-cü ildən sonra onun imkanları tükənməyə başlayıb və yığma komandaların xərclərinin bir qismi Gənclər və idman Nazirliyinin üzərinə düşüb. M.Rəhimov yığma üzvlərinin ölkə prezidenti İlham Əliyevə şikayətinə də münasibət bildirib: "Bu gün nazir müavini İsmayıl İsmayılov şikayət edən cüdoçuları qəbul etdi. Onlara bildirildi ki, federasiya rəhbərliyi və nazirlik səviyyəsində məşq və yarışlar üçün hər cür şərait yaradılıb. Bundan sonra da hamı kimi cüdoçular da lazımi qayğı ilə əhatə olunacaqlar. Amma Avropa Oyunları və dünya çempionatındakı uğursuzluğun şəraitsizliklə əlaqələndirilməsi düzgün deyil. Hər şey pulla olsaydı, bütün varlı ölkələrin idmançıları çempion olardılar".
Qeyd edək ki, konfrans qapalı olacaq. Hazırda Rövnəq Abdullayev həm də AFFA prezidentidir. Onun ACF prezidenti olacağını ilk dəfə "Futbol+" qəzeti yazıb.