
"Deməzdim ki, "Qarabağ"da Müşahidə Şurası yoxdur. Bu, Ağdam klubunda qeyri-rəsmi formadadır. Onların hər oyununa klub rəhbərliyindən 4-5 nəfər gəlir". Sportnet.az xəbər verir ki, bunu "Report"a açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Federasiya rəsmisi bildirib ki, hazırda "Qarabağ" rəhbərliyində Müşahidə Şurası kağız üzərində yox, əməli fəaliyyət göstərir: "Tahir Gözel klub prezidenti kimi birbaşa "Qarabağ"ın inkişafı ilə məşğuldur. Baş məşqçi Qurban Qurbanovun klubda söz deməyə gücü var. Baş direktor Emrah Çelikelin də səsi var. Fevzihan Aras vitse-prezident kimi sözünü deyir. Bunlar elə Müşahidə Şurası deməkdir. Ola bilər ki, Şura kağız üzərində bu olmasın. Ancaq işdə görünür. Biz görürük ki, "Qarabağ"ın oyununda onların "skybox"unda rəhbərlikdən 7-8 nəfər olur və onların da qərar qəbulunda səsləri var".
Baş katib Müşahidə Şurasının yaradılma məsələsini "Qəbələ" klubu ilə müzakirə etdiklərini də açıqlayıb. Onun fikrincə, "qırmızı-qaralar" gec-tez bu Şuranı yaradacaqlar: "Biz Müşahidə Şurasının yaradılmasını əvvəlcə tövsiyə etdik, sonra dedik ki, mütləq olmalıdır və vaxt verdik. Mütəmadi olaraq klublarla danışırıq, bildiririk ki, bu, vacibdir. Bir gün istər-istəməz "Qəbələ" də bunu edəcək. Çünki bu, AFFA İcraiyyə Komitəsinin qərarıdır. Müsbət və ya mənfi nəticənin Müşahidə Şurasına aidiyyatı yoxdur. Çünki bu klublar illərlə vəsait sərf edirlər".
"Qəbələ"də vəsaitin çox düzgün istiqamətdə xərcləndiyini bildirən E.Məmmədov infrastruktura diqqətdən başlanan işlərin artıq nəticə verməyə başladığını bildirib: "Bəli, çətinliklər oldu, bir məşqçi getdi, yenisi gəldi, eksperimentlər aparıldı. Sonda baş məşqçini, futbolçuları tapdılar və nəticələ əldə olundu. O demək deyil ki, Müşahidə Şurası olsaydı, bunlar daha yaxşı nəticə göstərər və ya daha pis çıxış edərdilər. Müşahidə Şurası kollektiv idarəetmə sistemidir və bu, hər yerdə var. Bütün inkişaf edən strukturlarda bu sistem var. Bu rəhbər şəxsə qərar qəbul etməyə kömək edir və iş bölgüsü yaradır. AFFA-da da İcraiyyə Komitəsi var. Biz bunu etməsəydik, deyə bilərdik ki, nəyə görə başqalarına tətbiq etməliyik?"