"Neftçi" futbol klubunun Müşahidə Şurasının sədri Çingiz Abdullayev "Qarabağ"la Azərbaycan Premyer Liqasının VI tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Oyun barədə nə deyə bilərsiniz?
- Xahiş edirəm, "Neftçi"nin bu arenada necə oynadığını, özünü necə göstərdiyini yazın. Əksər futbolçularımız gənclərdir. 90+2-ci dəqiqədə qapımıza təyin olunmuş penaltini qəbul edə bilmərəm. Açıq deyirəm, futbolçulara da demişəm ki, biz bu gün qalib gəlmişik. Özünüz də gördünüz. Futboldan yazırsınızsa, gözəl anlayırsınız ki, orada penalti yox idi. Mən yüz faiz qalib gəldiyimizi hesab edirəm.
- Epizodun təkrarına baxmısınız?
- Bəli, baxmışam. Çox adam baxıb. Bizə zəng vurub o qərara etiraz edirlər.
- AFFA-ya rəsmən şikayət edəcəksiniz?
- Bəli, mütləq şikayət edəcəyik. "Neftçi" bu gün bura qonaq kimi gəlib sübut elədi ki, oynaya bilirik. Bura gələndə bəziləri "Sizin şansınız olmayacaq. Görün, "Qarabağ" necə möhkəm komandadır. Avropa Liqasının qrup mərhələsində oynayırlar" deyirdi. Doğrudan da rəqib yaxşı komandadır. "Qarabağ"ı da, "Qəbələ"ni də həmişə bəyənmişik. Amma bu gün "Neftçi" sübut etdi ki, onlardan ən azı pis oynamır. İstəmirəm bu sözü deyim, amma deyəcəyəm: bu gün bəlkə də "Qarabağ"dan yaxşı çıxış etmişik. Bəlkə yox, məncə, 100 faiz belədir.
- Ola bilərmi ki, "Qarabağ" Avropa Liqasında Belçika "Anderlext"i ilə oyuna görə tam gücünü qoymadı?
- Buna inanmıram. Mən yazıçıyam. Yazıçı pis kitab yaza bilər. Amma peşəkardırsa, yaxşısını yazmalıdır. Messi və ya Ronaldunun gücünün bir hissəsini saxlamasına inanmıram. Bu gün "Qarabağ" çox yaxşı oynayırdı, amma "Neftçi" qat-qat yaxşı çıxış etdi. Hamınız idmandan yazırsınız, bəyəm bunu görmədiniz? Mən sizə sual verirəm. Düz demirəmsə, yazın ki, düz demir, "Qarabağ" yaxşı, "Neftçi" pis oynayırdı. Amma bu, belə deyil axı. Hamınız görmüsünüz.
- Penalti epizodunu çıxsaq, hakimliyi necə dəyərləndirərdiniz?
- Hesab edirəm ki, sonuncu dəqiqədə təyin olunmuş penalti "Neftçi"yə qarşı haqsızlıq idi. İstərdim ki, həmin epizoda peşəkarlar baxsınlar. Özünüz də gördünüz ki, biz pis oynamırdıq. Amma necə qiymət verəcəyinizi sabah oxuyacağam. Hamınızın futboldan başınız çıxırsa, heç olmasa, insafla yazmalısınız ki, "Neftçi" "Qarabağ"dan pis oynamayıb. Heç olmasa, bu sözü yazın. İndi bilmirəm nə yazacaqsınız.
- Ola bilərmi ki, "Azərsun Arena"da ilk oyun keçirildiyi üçün referi "Qarabağ"ı uduzmağa qoymasın?
- Bilmirəm, istəmirəm bunu deyim. "Azərsun", "Qarabağ" çox gözəl stadion tikib, təbrik edirəm. Bunu çox adam bilmir, ilk dəfə deyəcəyəm. Atam Ağdamdandır. Uşaqlıqda "İmarət" stadionunu görmüşdüm. "Qarabağ"la "Neftçi" oynayanda, təbii ki, ürəyim bölünür. İstəyirəm ki, "Qarabağ" o biri komandaları udsun, "Neftçi"ni yox. Əksinə, "Neftçi" qalib gəlsin. Amma indi necə edəsən ki, referi uzatma dəqiqələrində belə haqsız penalti təyin edir. Yüzüncü dəfə təkrar edirəm. Siz də orda oturmuşdunuz, özünüz də hər şeyi gördünüz: Məgər orada penalti var idi? Təbii ki, bu qərarla razılaşa bilmərəm. Amma sevinirəm ki, gənc futbolçularımız və gənc baş məşqçimizlə birgə belə gözəl komanda yaratmışıq. İnanıram ki, belə getsə, 2-3 ilə hədəfimizə çatacağıq.
- "Neftçi" bu nəticədən sonra dönüş edə biləcəkmi?
- "Neftçi" həmişə birinci yerə oynamalıdır. Hazırda komandamız ilk pillədə deyil. Amma özünüz də gördünüz. Axı futbolu məndən yaxşı bilməlisiniz. Bu oyunla "Neftçi" nəyə görə çempion olmasın? Əmin etmirəm ki, mütləq çempion olacağıq. Amma inanıram ki, yaxşı nəticələr göstərəcəyik. 15 gün əvvəl komandamız indiki futbolun heç 10 faizini sərgiləmirdi. Amma indi görürsünüz ki, oynadı.
- Siz gələcəkdə də "Neftçi"nin bugünkü kimi oynayacağına inanırsınız?
- Bəli, mən buna inanıram, əminəm. Komandamız get-gedə artırır, uşaqlar yavaş-yavaş bir-birinə uyğunlaşırlar. Futbolçularımızın əksəriyyəti çox gəncdir. Bunu nəyə görə yazmırsınız? Hazırda ən gənc komanda "Neftçi"dir. Axmaq-axmaq şeylər çıxır. Əsas şeyləri isə yazmırsınız. Yazmırsınız ki, aprelin 1-də Müşahidə Şurasının sədri seçildikdən sonra Robert Prosineçki ilə görüşürdük və xahiş edirdik ki, "Neftçi"dən 1 nəfəri milliyə götürsün. Üstündən 5 ay keçib. İndi 9 nəfər millidədir. Bir az insafınız olsun. Bundan da yazın. Nəyə görə yazmırsınız? Hansı axmaq şeylər varsa, yazırlar: Çingiz istefaya gedir, kimdənsə küsür, "Pen-klub"... Bəs bunu niyə yazmırsınız? Axı əsas göstərici budur?! Azərbaycanlı futbolçulardan 9-u milliyə düşüb. Biz sabahkı günümüzü düşünürük. O biri komandalar isə bu gün udur, qurtardı. Biz bunu edə bilmərik. Biz 2-3 il sonranı fikirləşirik. "Neftçi" oynamalıdır. Bu komandada nə qədər 18-19 yaşlı uşaq var. İstəyirik ki, onlara daim oynamaq imkanı yaradaq. Fəhmin Muradbəylinin necə oynadığını gördünüz. O biri uşaqları da həmçinin. Bunu yazın. Yazın ki, bir komanda yaratmaq istəyirik və mütləq də yaradacağıq. Azərbaycan Kubokunun finalında həmin bu "Qarabağ"a 1:3 hesabı ilə uduzduğumuz oyunu da yadınıza salın. Deyin, dəyişikliklər var, yoxsa...?
- "Neftçi"dən 9 futbolçunun milliyə çağırıldığını dediniz. Amma əsas heyətə nəzər yetirdikdə, klubunuzdan 1-2 futbolçunu meydanda görürük...
- Mən təlim-məşq toplanışına aparılan futbolçularımızı nəzərdə tuturam. Halbuki əvvəllər bir futbolçumuzu da toplanışa aparmırdılar. Bunu dəqiq bilirəm. Təbii ki, indi çağırılanların hamısı millinin oyunlarında meydana çıxmır. Amma görünən budur ki, "Neftçi"nin futbolçuları əziyyət çəkirlər və çox peşəkar mütəxəssis Prosineçki onları milliyə çağırır. Pis oynasaydılar, ehtiyat siyahıya da götürməzdilər.
- Oktyabrın 1-də "Qarabağ"a "Anderlext"lə Avroliqa matçında dəstək olacaqsınız?
- Təbii ki, dəstək olacağam. Mütləq! Gəlin, komandalarımızı bölməyək. Hamımız azərbaycanlıyıq. Sevinməliyik ki, 2 klubumuz Avroliqanın qrup mərhələsinə yüksəlib. Mən ilk növbədə, azərbaycanlıyam. Azərbaycanın uğurlarına sevinirəm. Sevinməyən azərbaycanlını başa düşmürəm. Demək, o, azərbaycanlı deyil. 5 komandamız da qrupa çıxsa, hamısı üçün sevinəcəyəm. Erməni komandasına isə sevinməyəcəyəm.
- Açıqlamalarınızda jurnalistlərə qarşı xeyli aqressivlik sərgiləyirsiniz. İdman mediasının "Neftçi"yə qarşı qərəzli olduğunu düşünürsünüz?
- Bəli, çox aqressivəm. İdman mediası "Neftçi"yə qarşı qərəzli deyil, amma bəzi yazılar xoşuma gəlməyib. Çünki qərəzli olub. Demirəm ki, hamısı, amma hansı yazıların qərəzli olduğunu özünüz də bilirsiniz. İndi də deyirəm: Gedin, evdə oturun, həqiqəti yazın. Mən yalnız bunu istəyirəm. Mən də istəyirəm ki, bugünkü oyundan həqiqəti yazasınız. Birincisi, penalti olubmu? İkincisi, "Neftçi" necə oynayıb? Üçüncüsü, biz qalib gələ bilərdikmi? Bunu yazın da. Demirəm ki, yalandan kimisə pisləyin...
- Hücum xəttində boşluqlar var. Yeni transfer gözlənilir?
- Bunun üzərində düşünürük. Əslində yaratdığımız epizodlardan imkan daxilində yararlanmağa çalışırıq. Digər tərəfdən, "Qarabağ" nə qədər oyunçu transfer edib, amma bu gün qolu penaltidən vurdu. Belə çıxır ki, daha bir oyunçu almalıdırlar?