
Boks üzrə Azərbaycan milli komandası Qətərin paytaxtı Dohada keçiriləcək dünya çempionatına ciddi itki ilə yollanacaq. Sportnet.az-ın məlumatına görə, yarışda millimizin heyətində 9 boksçunun iştirakı nəzərdə tutulsa da, son anda dəyişiklik edilib.
Həkimlər 91 kq-dan yuxarı çəki dərəcəsindəki Məhəmmədrəsul Məcidovun mundialda çıxışına icazə verməyiblər. "Bakı 2015" I Avropa Oyunlarında zədələnən boksçu Meksika və İtaliyaya təlim-məşq toplanışlarına yollansa da, tibbi personal risk etmək istəməyib. Məcidov jurnalistlərə açıqlamasında həkimlərin qərarı ilə razılaşmaq məcburiyyətində qaldığını söyləyib: "Son ana qədər ümid edirdim ki, dünya çempionatında iştirak edəcəyəm. Komanda ilə birgə məşqlərimi də davam etdirirəm. 3-cü dəfə dünya çempionu olmaq arzusunda idim. Amma həkimlərlə mübahisə etməyə dəyməz. Onlar zədə səbəbindən yarışda iştirakıma icazə vermədilər. Bu, son şans deyil. Qarşıda hələ lisenziya turnirləri var. Əvvəlcə İstanbulda, gələn il son yarış isə Bakıda keçiriləcək. İnanıram ki, Olimpiadaya vəsiqə qazanaraq, orada uğurla çıxış edəcəm".
Qeyd edək ki, Dohadakı dünya çempionatı 5 - 15 oktyabrda keçiriləcək. Yarış 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Yığmamız yarışa sabah yollanacaq.