Azərbaycan Premyer Liqasının IX turunun "Sumqayıt” – "Qarabağ” görüşü zamanı tribunalarda maraqlı anlar yaşanıb. Sportnet.az diqqətdən yayınmayan həmin məqamları təqdim edir...
Sumqayıtda güclü "partlayış”
Oyun güclü azarkeş axını ilə müşayiət olundu. Tribuna tam dolduğundan, fanatlar görüşü meydanın yan hissələrindən izləməyə başladı. Hətta matça gələn "Qarabağ”ın bir qrup fanatına oturmaq üçün yer olmadı. Belədə polislər onları elektron lövhənin arxa hissəsinə doğru istiqamətləndirdi. Hətta yüksək çinli asayiş keşikçilərindən biri "zorla deyil ki, camaat oyuna baxmaq istəyir də” deyərək təəssüfləndi. Bu, polislərin azarkeşləri idarə etməklə bağlı çətinlik çəkdiyini göstərdi. Qapı arxasındakıları da nəzərə alsaq, oyunu təxminən 2500 tamaşaçının izlədiyini demək olar.
"Varatar ağır seyiddi”
İlk hissədə Çumbinyonun cərimə zərbəsi qapı tirinin azacıq üstündən keçdi. Yerli azarkeşlər bir anlıq başını tutmalı oldu. Kefikök polis əməkdaşı isə epizoda "varatar ağır seyiddi” deyərək ətrafdakıların gülüşünə səbəb oldu.
Yerli fanatlar tərliklərini də çıxartdı
Oyunboyu susmağın nə olduğunu bilməyən yerli fanatlar hətta ilk hissədə havanın küləkli və soyuq olmasına rəğmən, tərliklərini belə çıxartmaqdan çəkinmədi. Onlar, həmçinin "Sumqayıt sənə inanır, Samir 4” yazılmış pankart açmışdı. Görünür, 4 rəqəmi futbolçunun vaxtilə "Sumqayıt”da bu rəqəm altında oynadığını ifadə edir. Daim öz nəğmələri ilə yerli publikanı çoşduran azarkeşlərin bu səsi qol sonrası öz məntiqi nəticəsinə yetişdi. "Qarabağ"lı fanatlar isə elektron lövhənin altında qərar tutub "Qarabağ, oyna, daim səninləyik biz” oxuyaraq, komandalarını tək buraxmadıqlarını nümayiş etdirdilər.
Vaqif Ömərov yaşlı azarkeşdən dəstəyini əsirgəmədi
"Sumqayıt” azarkeşləri Azad Məmmədovu yaxşı tanıyır. Yerli azarkeş olan bu ağsaqqal həm klub rəhbərliyinin, həm də sadə fanatların sevimlisidir. Buna misal kimi, "Sumqayıt”ın vitse-prezidenti Vaqif Ömərovun oyunsonrası ağsaqqalla dialoqunu göstərmək olar. Söhbət əsnasında Ömərov Azad kişiyə simpatiyasını bildirərkən, gülə-gülə "Təcili Tibbi Yardıma tapşırmışam ki, gördüz o ağsaqqalın səsi gəlmir, qaçın onun yanına, birdən dayımıza nəsə olar, bilmərik” dedi və qələbə sevincini bölüşdü.
Vüsal HACISOY