"Yenə ağır oyun olacaq. Hesab edirəm ki, bu, bir testdir. Çünki hazırda nəyimizin olduğunu bilməliyik". Sportnet.az-ın məlumatına görə, bunu noyabrın 17-də Azərbaycan millisi ilə keçiriləcək yoldaşlıq görüşündən danışan Moldova yığmasının baş məşqçisi Ştefan Stoyka deyib.
Baş məşqçi səfər öncəsi bütün moldovalı futbolçuları nəzərdən keçirdiklərini və onların nəyə qadir olduqlarını görməyə çalışdıqlarını bildirib: "Qiymətli və önəmli oyunçularımız zədəlidirlər. Heyətimizdə qalan futbolçulardan Nikolay Milinçanu da başından zədə alıb və oynaya bilməyəcək. Başqa hücumçu çağıracağıq. Baxmayaraq ki, forvardımız yoxdur. Vəziyyət belədir. Kimlər varsa, onları yığırıq və Moldova naminə mümkün olanı etməyə çalışırıq. Fikrimcə, ən vacib məsələ budur. Bütün çağırılan uşaqlar özlərini son zamanlar yaxşı tərəfdən göstəriblər. Elə futbolçuları dəvət etməyə çalışırıq ki, 90 dəqiqə ərzində effektli oynayırlar və Azərbaycanla matçda hər şeylərini verə bilərlər.
Çoxlu problemlərin olduğunu Ş.Stoyka komandanın 4 aparıcı üzvünün zədəli olduğunu və bir futbolçunun Rusiya Premyer Liqasında vacib oyunu olduğu üçün bu matça çağırılmamasını xahiş etdiyini deyib. O, bildirib ki, Azərbaycan futbola ciddi güc sərf edən böyük ölkədir: "Orada 10 il ərzində bütün dünyadan məşqçilər olublar. Onlar öz oyunçularına çox böyük sərmayə qoyublar. Bununla belə, çərçivədən kənara çıxaraq nəyəsə nail olduqlarını demək olmaz. Baxmayaraq ki, futbola inanılmaz dərəcədə vəsait sərf ediblər. Biz də inkişaf edirik. 3 milyonluq ölkənin böyük rəqiblərlə vuruşması çətindir. Amma əlimizi yanımıza salmayacaq, bütün rəqiblərlə döyüşəcək və Moldovanı hər gün daha yuxarı qaldırmağa çalışacağıq.
Azərbaycanla oyunun nəticəsi mənim yığmadakı taleyimdə heç bir rol oynamayacaq. Mənim və Moldova millisinin öz taleləri var. Ən əsası odur ki, yeni müqavilə məsələsində ən azı əl sıxmışıq. Bu da iki kişinin söhbətində önəmli məqamdır".
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək yoldaşlıq görüşü saat 21:00-da start götürəcək.