
Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi AVRO-2016-nın seçmə qrup mərhələsində növbəti oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, 5-ci qrupda ikinci turun oyununda rəqib Türkiyə yığması olub.
Bayıl stadionunda keçirilmiş qarşılaşmanı Estoniyadan olan Eyko Saar idarə edib. Hər iki komanda ilk turu məğlubiyyətlə başa vurmuşdu. Nazim Süleymanovun rəhbərlik etdiyi komanda Ukraynaya 0:4, "ay-ulduzlular" isə Bosniya və Herseqovinaya 1:2 hesabı ilə yenilmişdi. Tərəflərdən biri yenə uduzacağı halda, elit-raunda vəsiqə şanslarını, demək olar ki, itirəcəkdi.
İlk yarının sonlarında millimiz qol vurmaq üçün yaxşı imkan əldə edib. Referi Türkiyə yığmasının futbolçusunu qovaraq, penalti təyin edib. Lakin Roman Hüseynovun zərbəsini "ay-ulduzlular"ın qapıçısı qaytarıb. Azlıqda olmasına baxmayaraq, qonaqlar fasilədən sonra qələbə topunu vurublar. Matçın uzatma dəqiqələrində isə Elnur Cəfərov rəqib futbolçu ilə toqquşma səbəbindən ikinci sarı vərəqə alaraq, meydandan qovulub. Beləliklə, millimiz bu dəfə də məğlubiyyətlə üzləşərək, xalsız qalıb.
Turun digər oyununda Ukrayna millisi Bosniya və Herseqovinanı yenib - 3:1. Bu qarşılaşmaya azərbaycanlı hakimlər də təyinat alıb. Mübariz Həşimov yan xətt, Ömər Paşayev isə 4-cü hakim qismində meydana çıxıb. Qalib komanda növbəti mərhələyə vəsiqəni böyük ölçüdə təmin edib.
Qeyd edək ki, Azərbaycan milli qrupda sonuncu oyununu noyabrın 15-də Bayıl stadionunda Bosniya və Herseqovinaya qarşı keçirəcək. Matçın start fiti saat 18:00-da səslənəcək.
AVRO-2016, 5-ci qrup, II tur
14:00. Bosniya və Herseqovina - Ukrayna - 1:3
Qollar: Amir Hadziahmetoviç, 10 - Oleksiy Qutsuliak, 45;83. Aleksey Şkebetun, 64
Baş hakim: Tore Hansen (Norveç)
Baş hakimin köməkçiləri: Oysteyn İtterland (Norveç), Mübarizə Həşimov (Azərbaycan)
Dördüncü hakim: Ömər Paşayev (Azərbaycan)
Bakı. Bayıl stadionu
18:00. Türkiyə - Azərbaycan - 1:0
Qol: Abdullah Balıkçı, 56
Qırmızı vərəqələr: Elnur Cəfərov, 90+4 - Alican Özfesli, 41
Vurulmayan penalti: Roman Hüseynov, 42 (Azərbaycan)
Baş hakim: Eyko Saar (Estoniya)
Baş hakimin köməkçiləri: Neeme Neemlayd (Estoniya), Frederik Haket (Fransa)
Dördüncü hakim: Nikolas Raynviy (Fransa)
Bakı. Bayıl stadionu
Xal durumu: Ukrayna - 6. Bosniya və Herseqovina - 3. Türkiyə - 3. Azərbaycan - 0.