
AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığma komandasının AVRO-2017-nin seçmə qrup matçında Rusiya millisi üzərində qazandığı 3:0 hesablı qələbəni şərh edib. Sportnet.az-ın məlumatına görə, federasiya rəsmisi Yaşar Vahabzadənin baş məşqçi olduğu komandanın sevindirici nəticəyə imza atdığını bildirib.
O, yığmanın gələcəkdə daha inamlı oyun sərgiləyəcəyinə ümid etdiyini açıqlayıb: "Bu günədək 3 xalımız vardı. Daha 3 xal qazandıq. Ümidvaram ki, komandamız bundan sonra daha inamlı oyun sərgiləyəcək. Millimiz bizi sevindirdi. Təkcə 3 xalı qazanmadı, həm də 3 qol vurdu. Bu da çox vacibdir. Ümid edək ki, növbəti oyunlarda da gözəl, inamlı, cəsarətli çıxış edəcəklər".
Baş katibin fikrincə, Azərbaycan millisinin 1:0, 2:0 hesabı ilə öndə olmasına baxmayaraq, hücuma atılması da vacib məqamdır: "Komandamız AFFA-nın, bütün gənclər və milli komandanın fəlsəfəsinə uyğun oynadı. Öndə olmalarına baxmayaraq, irəli atılaraq, daha bir qol vurmağa çalışdılar".
E.Məmmədov Rusiyanın aşağı yaş qrupları üzrə komandalarında çıxış edən Ramil Şeydayevlə Ayaz Quliyevin Azərbaycanın əsas millisində oynama perspektivinə də münasibətini açıqlayıb: "Bizim qapılarımız açıqdır. Ramil Şeydayevlə Ayaz Quliyev azərbaycanlıdırlar. Azərbaycan yığmalarının qapıları, təbii ki, onlar üçün açıqdır. Əsas odur ki, təkliflərimizi vermişik, dəvətimizi göndərmişik, görüşmüşük, Bundan sonra onların vətənpərvərlik hissləri oyanmalıdır və doğru seçim etməlidirlər. Əslində hər bir futbolçu Şeydayev kimi futbolçuya qarşı oynamağı özü üçün bir stimul kimi qəbul edir. Anlayır ki, rəqib komandada azərbaycanlı futbolçu çıxış edir. Onlar da komanda olaraq, Ramil Şeydayev kimi güclü futbolçunun komandamızda oynamasını istərdilər. Lakin belə futbolçuya qarşı oynamaq da ondan güclü olduqlarını nümayiş etdirmək baxımından əlavə stimuldur".