Həmişə olduğu kimi, "böyük oyun” böyük seyrçi marağı ilə müşayiət olundu. Jurnalistləri daşıyan avtobus Lənkəran stadionunun arxa qapısına yan alarkən, əleyhqaz geyinmiş əsgərlər və zirehli transpartyor sanki "futbola yox, hərbi poliqona gəlmişik” fikrini oyadırdı. Ardınca press-lojada yerimizi alarkən gördüyümüz yerli fanatların vahiməli hayqırtıları "ağ-yaşıl” sevginin dəyərini göstərirdi. Onların tribunaya keçməmiş göstərdiyi çılğınlıq "böyük oyun” tamaşasının işartıları idi. Hətta dostlarımızdan biri "burdan Bakıya sağ qayıtsaq, gərək nəzir verək” deməklə təəssüratını bölüşdü.
Ramaldanov yada düşdü
"Xəzər Lənkəran” fanatlarının rəngli fonda açdığı banner diqqət çəkirdi. Rasim Ramaldanavun böyük ölçüdə hazırlanmış şəklini "Biz səndən qol gözləyirik” diləyi bəzəyirdi. Baxmayaraq ki, cari mövsüm hər iki komanda ötən futbol mövsümlərində gördüyümüz rəqabəti sərgiləmir. Ancaq Lənkərana xarakterik çiskinli hava şəraiti və cənubluların susmaq bilməyən barabanı əsl futbol tamaşasına şərait yaradırdı. Yerli fanklubların açdığı növbəti bannerdə isə "ağ-yaşıl” formalı hərbi salam verən xanımlar və komandir təsvir olunmuşdu.
Ramaldanova görə ara qızışdı
Oyunun tempini aşağı salmamaq üçün baş hakim Əliyar Ağayev bəzi hallarda hansısa futbolçunun yerdə qalmasına top meydandan çıxana qədər reaksiya vermirdi. Epizodların birində Ramaldanov toqquşmadan sonra mübarizə apara bilmədi. Oyunun davam etməsi bu dəfə "ağ-yaşıllar”ı özündən çıxardı. "Böyük oyun”a xas əl-qol hərəkətləri, bir-birinə hücum çəkmə halları "çiçəklənməyə” başladı. Ancaq referi sonda görüşün normal axarını bərpa etdi. Az sonra futbolçular kəllə-kəlləyə gəldi ki, nəticədə referi Kamran Abdullazadə və Erik Ramosu sarı vərəqəyə "qonaq etdi”. Hər iki komanda üzvlərinin qarşıdurma yerinə saniyə keçmədən şütüməsi də diqqət çəkirdi.
Çağırılmamış qonaq da stadiona gəldi
Adətən futbol matçları zamanı meydana it, pişik və dələnin daxil olması maraqla qarşılanıb. "Böyük oyun”un qonağı isə bu dəfə balaca it oldu. Fasilədə azarkeşləri darıxmağa qoymayan it meydanboyu qaçaraq topdaşıyanları yormaqla məşğul oldu. Sonda onu heç kimin ram edə bilmədiyini görüb, öz xoşuyla meydanı tərk etdi.
Ala, bula, boz... ot örtüyü
Meydançanın durumu isə acınacaqlı idi. Lənkərana yağan aramsız yağışlar onsuz da sağalmaz xəstəliyə düçar olmuş ot örtüyünü görkəmsiz hala salmışdı. Qapıçı meydançasında torpaq qatı tam üzə vurmuşdusa, meydanın qalan hissələrində yaşıl rəngə çox az hissələrdə rast gəlinirdi. Meydanın əksər yerləri sarı rəngə boyanmışdı. Belə görüntülər nəinki tribunalarda, hətta televiziya ilə oyunu izləyənlərdə xoş ovqat yarada bilməzdi. Ala, bula, boz sifətlərini "Xəzər Lənkəran" Mərkəzi Stadionunun ot örtüyünə şamil etmək daha yerinə düşürdü...