"Avropa Liqasında mübarizəni dayandırdıqdan sonra mobil telefonumuzu aldılar, digər futbolçularla birgə qalmağa qoymadılar”
"Napoli”nin heyətində İtaliya Kubokunu qazanmış Toni Doblas El Correo de Andalucía nəşrinə müsahibə verib. 34 yaşlı qapıçı "Xəzər Lənkəran” karyerası barədə də danışıb...
- Artıq 2 aydır "Napoli”dəsiniz. Özünüzü necə hiss edirsiniz?
- Özümü yaxşı hiss edirəm. Çünki son təcrübəmi Azərbaycanda keçmişəm. İranla qonşu və paytaxtdan 4 saatlıq yol qədər uzaqda olan Lənkəranda insanlar qatı müsəlman idilər. Burada isə təsəvvür edin ki, gecə də gündüz kimidir. Buna uyğunlaşmaq asandır. Çünki neapollular da əndəlüslər kimi çox isti, mehriban, dostsevərdirlər. Bu mənada özümü əla hiss edirəm. İki ayım çox tez keçdi. İnsanlar məni çox yaxşı qarşıladılar.
- Bura gəlişiniz necə alındı?
- "Napoli”nin qapıçısı Rafael Kabral zədələndiyi vaxt mənə dedilər ki, azad agent kimi bu kluba keçə bilərsiniz. Həmin vaxt "Xəzər Lənkəran”a qarşı iddia qaldırmışdım və 4 aydır ki, "Sevilya”nın qapıçılarla işləyən məşqçisinin yanında hazırlaşırdım. "Napoli” isə məni 5-6 namizəd arasından seçdi. Baş məşqçi Rafael Benites və onun qapıçılarla işləyən köməkçisi mənim barəmdə müsbət rəy verdilər. İşsiz ola-ola heyətə cəlb olunmaq qeyri-adi hal idi. Məşqçi mənə zəng edərək, "Napoli”yə dəvət edəndə böyük sevinclə qarşıladım.
- Bəs "Xəzər Lənkəran”ın təklifinə nəyə görə razılaşmışdınız?
- Lənkərana özümü başqa ölkədə sınamaq məqsədilə getdim. Polşa və Macarıstan klublarından da təklif var idi. Amma maddi cəhətdən Azərbaycan klubunun təklifi 2 qat yüksək idi. Qalan məsələ - 7 min km əvəzinə 10 min km məsafədə uzağa yollanmaq mənim üçün problem deyildi.
- "Xəzər Lənkəran” təcrübəsi necə alındı?
- Nəzəri cəhətdən şərait yaxşı olmalı idi. Çünki komanda Lənkəranda yox, paytaxtda qalırdı. Əvvəlcə Bakıdan Lənkərana məsafənin 100 mil olduğunu düşünürdüm. Sonra isə məlum oldu ki, məsafə 300 km-dir. Əvvəlcə evdə qalırdım. Sonra isə digər ispaniyalı oyunçu Alvaro Silva ilə stadion yaxınlığında yataqxanaya çevrilmiş binada yaşamağa başladım. Biz əcnəbilər müsəlmanlar tərəfindən eybəcər və günahkar məxluqlar sayılırdıq. Qısa şalvarda gəzmək onlar üçün təhqir idi. Oradakı bir çox qayda üzündən istirahətimizi komfort edə bilmirdik. Amma paytaxta gələndə insanlar daha açıq idilər. Biz pivə içməyə yollana bilərdik.
- "Xəzər Lənkəran”da iki ispaniyalı - baş məşqçi Karles Bakes və futbolçu Alvaro Silva da var idi...
- İş ondadır ki, Bakesin istəyilə transfer olunmuşdum. Amma Lənkərana gedişimdən bir ay sonra o, istefaya göndərildi. Alvaro Silva ilə təcrübəmi bölüşmək elə də çətin deyildi. Eyni otaqda qalırdıq, tək deyildim. Lakin Avropa Liqasında mübarizəni dayandırdıqdan sonra (Avroliqanın II təsnifat mərhələsinin cavab görüşündə İsrail "Makkabi”sinə 0:8 hesablı məğlubiyyəti nəzərdə tutur – red.) mobil telefonumuzu 3 ayadək heç bir ittiham irəli sürmədən aldılar, digər futbolçularla birgə qalmağa qoymadılar. Təsəvvür edin, 10 min mil uzaqda olan ölkədəsiniz və çox şeyi başa düşmürsünüz. Çünki ingiliscə danışa bilmirəm, insanlar yalnız azərbaycanca və rusca bilirlər. Xoşbəxtlikdən, bu vaxt digər ispaniyalı oyunçu tapdım. Bu, hazırda da "Bakı”da çıxış edən Mario Martines idi. "Xəzər Lənkəran”la problemi həll edib İspaniyaya yollananadək onunla bir ayadək qaldım. Çox insan mənə deyirdi ki, İspaniyadan kənarda həmyerlinizi tapmaqdan şad olarsınız. Doğrudan da bu, belə idi. Mario Martines mənə əsl dost oldu.