Heç vaxt həmkarlarımı rəsmən tənqid etməyi sevməmuşəm, qeyri-rəsmi olaraq da mətbuatda özümə yaxın bildiyim şəxslərdən kənarda onlardan danışmamışam. Ona görə yox ki, haqqım çatmır və ya kimlərdənsə çəkinirəm. Sadəcə, elə düşünmüşəm ki, digər peşə sahibləri bir-birinin qarasına danışmadıqları kimi, jurnalistə də öz həmkarının eybini yazı ilə yox, şəxsi söhbətlər zamanı sözlə deməsi kifayət edər. Zatən, iki qələm əhlinin bir-birindən xoşunun gəlməməsi sadə oxucuya da maraqlı deyil. Amma bu gün - Milli Mətbuat gününün 139-cu ildönümündə idman jurnalistlərindən yazmaqda zərurət hiss etdim.
Əvvəla, onu deyim ki, şəxsən araşdırmışam, bildiyim qədərilə, "Əkinçi" qəzeti heç vaxt idman xəbəri, idman yarışından reportaj, idmanla bağlı şəxsdən müsahibə, hətta idman oyunundan onlayn yazmayıb. Hərçənd, ən azı milli və qədim idman növlərimizdən olan çövkən üzrə yarışlardan yazmaq mümkün idi. Ona görə də bir idman jurnalisti kimi peşə bayramımızın 2 iyul - Beynəlxalq İdman Jurnalistləri günündə qeyd olunmasının tərəfdarıyam. Çünki idman jurnalistikası nəinki dünyada, hətta Azərbaycanın özündə sahə jurnalistikası çərçivəsindən kənara çıxıb. Elə bir neçə ay öncə müsahibə aldığım Mətbuat Şurasının sədri Əflatun Amaşov idman jurnalistikasının sahə jurnalistikası içərisində ən öncül mövqe tutduğunu etiraf etmişdi.
Bizdə belədir: Şuşanın işğal gününün ertəsi Qələbə gününü qeyd edir, Milli Mətbuat gününün ertəsi isə Ağdamın işğal gününü anırıq. 5 il öncə işğal günündə "Qarabağ" Norveç "Rusenborq"unu üstələyərək, böyük sevinc yaşatmışdı, bu gün isə Malta "Valletta"sını üstələməklə, idman jurnalistlərinə ikiqat bayram bəxş etmək niyyətindədir.
Əlbəttə, milli mətbuatımız olmasaydı, sahə mətbuatı da yaranmazdı. Amma iş ondadır ki, oxucu sayında idman qəzeti ictimai-siyasi qəzetdən geri qalmır. Bu gün rəsmi səviyyədə bəyan edilir ki, ölkəmizdə 60 idman KİV-i var və onlar idmanımızın təbliği istiqamətində fəal çalışırlar. İdman jurnalistləri adından çıxış edən AİJA-mız, ölkəmizi Argentina yığmasının forması ilə də olsa, təmsil edən yığmamız, idman telekanalından tutmuş saytlarınadək pis-yaxşı reklamlarla özlərini dolandıran KİV-imiz var. Hər zaman Azərbaycanın idman ölkəsinə çevrildiyini bəyan edirik. Milli Olimpiya Komitəsindən tutmuş federasiyalaradək dövlət rəsmiləri, tanınmış şəxslər rəhbərlik edirlər. Azərbaycanın ev sahibliyi etdiyi nüfuzlu yarışlar siyahısına ilk dəfə gələn il Bakıda təşkil olunacaq Avropa Oyunları da əlavə olunub.
Bütün bunlar ölkəmizdə idmana necə diqqət yetirilməsindən xəbər verir. Ona görə də idman jurnalistlərinin tam haqqı çatır ki, beynəlxalq səviyyədə qəbul olunmuş peşə bayramlarını xüsusi qeyd etsinlər. Amma nə edəsən ki, yalnız ötən ildən ölkəmizin aparıcı idman qurumları - Gənclər və İdman Nazirliyi ilə AFFA 2 iyul Beynəlxalq İdman Jurnalistləri günü münasibətilə rəsmən təbriklərini çatdırmağı özlərinə borc biliblər. Təvazökarlıqdan uzaq olsa da, onların sözçülərini ən azı təbrik mesajı yayımlamalı olduqlarına məhz bəndəniz, yumşaq desəm, inandırıb.
Bu il isə nəinki idman jurnalistikasından, hətta idmandan bixəbər elə mətbuat katibi olub ki, iyulun 2-də hansısa tədbirin keçirildiyi gün idman jurnalistlərinin adicə sözlə təbrik olunmasını təmin etməyib. Bilsəydi, təmin edərdi. Dərd orasındadır ki, özünün də xəbəri olmayıb. Bunu ona dedikdə isə küsüb, inciyib, telefonunu qapadıb, qərəzli münasibət göstərib və s.
Bax, idman strukturlarımızda belə mətbuat katibləri də çalışır.
Amma bu, hələ harasıdır?
Yaxınlarda hörmətli həmkarlarımdan biri "Klubların mətbuat katiblərinin işi sizi qane edirmi?" deyə sorğu aparırdı. Cavab vermişdim ki, klubların mətbuat katiblərini bir neçə kateqoriyaya bölmək olar: Xəbəri saytlarına qoyanlar, xəbəri həm saytlarına qoyanlar, həm də "Mənim adım olmasın" deyə mətbuata ötürənlər, nəhayət, klub saytını unudub yalnız KİV-lə və ya KİV-ə işləyənlər.
Amma o zaman bir şeyi qeyd etməmişdim: Hətta idmandan xəbərləri olan, idman jurnalistikasından çıxan elə mətbuat katibləri var ki, KİV-lərdə çalışan həmkarlarına yuxarıdan-aşağı baxır, telefon zənglərinə cavab vermir, bir-iki nəfərə xəbər ötürməyi çalışdıqları klubun saytına xəbər qoymaqdan üstün tuturlar. Onlara "qınlarından çıxıb qınlarını bəyənməyənlər" misalı daha gözəl yaraşır. Amma "saman altdan su yeritmələri"nə dair də xeyli misal çəkmək olar.
Nə imiş?
"Sənin saytının oxucusu azdır"
"Sənin saytın bizim klubdan az yazır"
"Sənin saytın keçən dəfə bizdən pis yazıb"
Axı...
Mətbuat katibi kimdir ki, həmkarlarının telefonuna cavab verməsin?
Mətbuat katibi kimdir ki, həmkarlarını kateqoriyalara bölsün?
Mətbuat katibi kimdir ki, qınından çıxıb qınını bəyənməsin?
Mətbuat katibi kimdir ki, saman altdan su yeritsin?
Bax belə... Nə ad çəkdim, nə də eyni əməli hamıya şamil etdim. Sadəcə, Milli Mətbuat günündə idman jurnalistikasındakı ümumi vəziyyəti göstərməyə çalışdım.
Qoy, hərə öz payını götürsün...
Elşən MƏMMƏDOV