"Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Avropa Liqasının "pley-off" mərhələsində püşkün nəticəsini dəyərləndirib. Sportnet.az-ın məlumatına görə, klubun rəsmi saytına açıqlama verən təcrübəli mütəxəssis qrup mərhələsinə vəsiqə öncəsi asan rəqibin olmadığını bildirib.
Bu səbəbdən, Hacıyevin fikrincə, rəqibin kimliyinin elə bir önəmi yoxdur. "Partizan”ın tanış rəqib olduğunu deyən Hacıyev 2 mövsüm öncə Serbiya komandası ilə Avropa Liqasının qrup mərhələsində iki dəfə qarşılaşdıqlarını və məğlub olmadıqlarını xatırladıb. Bununla belə, baş məşqçi "Partizan”ı ciddi rəqib adlandırıb: "Bu komandaya hörmətlə yanaşırıq. Ümumiyyətlə, Serbiya futbolunun gücündən hamının xəbəri var. İlk oyunun avqustun 21-də keçiriləcəyini nəzərə alsaq, daha yaxşı hazırlaşmağa vaxtımız var. İkinci dəfə qrup mərhələsinə vəsiqə qazanaraq, yeni tarix yazmaq üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, "Neftçi" 2 mövsüm öncə "Partizan"la səfərdə 0:0, evdə isə 1:1 hesablı heç-heçə edib.