
Azərbaycanın tanınmış mütəxəssislərindən olan Ağasəlim Mircavadov Avropa Liqasının "pley-off" mərhələsində bu gün mübarizəyə qoşulacaq "Qarabağ” və "Neftçi”nin oyunları haqda fikirlərini bildirib. Mircavadov Sportnet.az-a açıqlamasında klublarımıza və onların mərhələ keçəcəklərinə inandığını vurğulayıb.
O deyib: "Nə "Tvente” "Qarabağ"a, nə də "Partizan” "Neftçi”yə yad rəqibdir. İlk oyunda nəticə çox önəmldiir. Bu oyunda vurulacaq qollar və məğlubiyyətsizlik cavab oyununda lehimizə yarayacaq. Hər klubda olduğu kimi, bizim komandalarımızda da çatışmazlıqlar mümkündür. Ancaq mübarizə aparmaq lazımdır. Mən təmsilçilərimizə inanır və ümid edirəm ki, mərhələ adlamağa nail olacaqlar. Hər iki klubun oyunlarını həyacanla izləyəcəyik”.
Bu gün diqqətini Avropa Liqasına yönəldən Mircavadov Azərbaycan millisinin Özbəkistanla yoxlama oyunu haqda isə qısa danışıb: "Bu cür oyunlar yoxlama xarakterli olduğundan, nəticəsi önəmli deyil. Əsas milliyə yeni cəlb olunan futbolçuların yoxlanışdan keçməsi idi. Onların bu sınaqdan necə keçdiyinə isə Berti Foqts qərar verəcək. Bizə nəsə demək düşməz”.
Qeyd edək ki, "Qarabağ" - "Tvente" oyunu saat 21:00-da, "Partizan" - "Neftçi" matçı isə Bakı vaxtı ilə saat 23:15-də start götürəcək.