"Neftçi" klubu avqustun 28-də Serbiya "Partizan"ı ilə keçirəcəyi Avropa Liqasının "pley-off" mərhələsinin cavab görüşü öncəsi azarkeşlərə müraciət edib. Klubun vitse-prezidenti Tahir Süleymanov Sportnet.az-a açıqlamasında hamını qrup mərhələsinə düşmək istəyən "Neftçi"ni dəstəkləməyə çağırıb.
O bildirib ki, 30 mindən çox tamaşaçı tutumuna malik Tofiq Bəhramov adına Respublika stadionunu dolduracaq tərəfdarların sayəsində mərhələ adlaya bilərlər: "Biz biletləri hələ avqustun 21-dən satışa çıxarmışdıq ki, azarkeşlər əlavə əziyyətə düşməsinlər və "Qarabağ"la birgə bizim də ev oyunumuza bilet alsınlar. Lakin Respublika stadionundan məsləhət oldu ki, bu halda qarışıqlıq yarana bilər. Ona görə bilet satışını dayandırmışdıq. Amma sabahdan satış bərpa olunacaq. Fürsətdən istifadə edərək, hamını oyuna dəvət edirik. Məhz stadionu dolduraraq, dayanmadan dəstəyini əsirgəməyən azarkeşlər sayəsində mərhələ adlayacağımıza inanıram. Hazırda bizim üçün ən önəmli məqam qələbəni təmin edərək, qrupa düşməkdir. İstərdim ki, hamı bizimlə birgə bu oyuna köklənsin. Səfərdə 2:3 hesabı ilə uduzmağımıza baxmayaraq, hətta minimal hesablı qələbə də bizi Avroliqanın qrupuna çıxaracaq. Şübhə etmirik ki, azarkeşlər 90 dəqiqə ərzində əllərindən gələn dəstəyi verəcəklər".
Süleymanovun sözlərinə görə, bu gün Respublika stadionunun ot örtüyü ilə tanış olublar. Arenada çalışan ingiltərəli mütəxəssislər ona qazonun oyun gününədək normal vəziyyətə düşməsi üçün əllərindən gələni edəcəklərinə söz veriblər.
Qeyd edək ki, "Neftçi" - "Partizan" matçı saat 21:00-da başlanacaq.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |