"Neftçi"nin qapıçısı Saşa Stamenkoviç Avropa Liqasının "pley-off" mərhələsində Serbiya "Partizan"ı ilə avqustun 28-də keçirəcəkləri cavab görüşü barədə danışıb. Sportnet.az-ın məlumatına görə, serbiyalı qolkiper "uefa.com"a açıqlamasında ilk matçdakı 1 top fərqi ilə məğlubiyyətin revanşını ala biləcəklərini söyləyib.
O deyib: "Hələ oyunadək bildirmişdim ki, "Partizan"ı favorit sayıram. Belqraddakı oyuna çox yaxşı başlamışdıq. Bizim 2 top fərqi ilə üstünlüyümüz var idi. Fərqi artıra da bilərdik. Amma təəssüf ki, bacarmadıq. Nəticədə uduzduq. Düzdür, hesab bizi qrupa vəsiqə qazanmağa ümidləndirir. Səfərdə minimal hesabla uduzmaq və üstəlik 2 qol vurmaq tam layiqli nəticədir".
29 yaşlı qapıçı bildirib ki, azarkeşlər də "Neftçi"nin futbolçuları kimi inanmalı və ən yaxşısına ümid etməlidirlər: "Bizim xeyli motivasiya və istəyimiz var. 1:0 və ya 2:1 hesablı qələbə də bizə kifayət edər. Əsas hədəfimiz Avropanın ikinci nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqədir. "Neftçi" heç vaxt müdafiədən oynamır. Bu, faktdır. Biz tribunalardakı möhtəşəm azarkeş dəstəyi sayəsində intiqamımızı alacağıq".
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda "Neftçi" ilə "Partizan" arasında keçiriləcək cavab görüşü saat 21:00-da başlanacaq.