
Serbiyanın "Partizan" klubu "Neftçi" ilə Avropa Liqasının "pley-off" mərhələsinin cavab görüşü öncəsi Bakıda üzləşdiyi münasibətdən narazı qalıb. Sportnet.az-ın məlumatına görə, klubun rəsmi saytında dərc olunan geniş yazıda Belqrad təmsilçisi əvvəlcə mətbuat konfransına qonaq komanda jurnalistlərinin bilərəkdən gecikdirildiklərini iddia edib.
Eyni zamanda, baş məşqçi Mirko Nikoliçə qəsdən təxribatçı sualların verildiyi, serbiyalı mütəxəssisin sözlərinin isə "Neftçi"yə sərf edən formada tərcümə olunduğu vurğulanıb. Bildirilir ki, qonaq komanda məşqə çıxmaq istədikdə "Neftçi"nin hələ meydanı tərk etmədiyi aşkarlanıb. Bu zaman qarışıq zonada bir nəfər təhlükəsizlik xidməti əməkdaşı da gözə dəyməyib.
Xüsusi diqqət isə "Partizan"ın məşqi zamanı azarkeşlərin səsləndirdikləri təhqiramiz ifadələrə ayrılıb. Klub iddia edir ki, azyaşlı fanatların serb dilində söyüşləri özbaşına öyrənmələri inandırıcı deyil, onları kimsə öyrədib. Tərəfdarların meydana yad əşyalar atmaları, onlardan bir neçəsinin belçikalı UEFA nümayəndəsinin önünə düşməsi də qeyd edilib.
"Partizan" onlara ayrılmış avtobusa minərək, otelə yollandıqda isə daha bir sürprizlə qarşılaşıb: Onların avtobusu daşqalaq edilib. Nəticədə nəqliyyat vasitəsinin şüşələri qırılıb. Xoşbəxtlikdən, xəsarət alan olmayıb.
"Partizan"ın rəsmi saytı baş verənlərin UEFA nümayəndəsinin gözündən qaçmadığını bildirsə də, matça çıxmaqdan imtina etməyib. Əksinə, Belqrad təmsilçisi xoşagəlməz olayın onları daha da motivasiya edəcəyini vurğulayıb.
Qeyd edək ki, avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:00-da başlanacaq. İlk görüş "Partizan"ın qələbəsi ilə yekunlaşıb - 3:2.