Azərbaycanın təcrübəli mütəxəssislərindən olan Əfqan Talıbovun Sportnet.az saytına müsahibəsi...
- Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda "Qarabağ” və "Neftçi”dən hansı nəticəni gözləyirsiniz?
- Birinci "Neftçi” oynayacaq. İlk matçda "Partizan”a 2:3 hesablı məğlubiyyət məcbur edir ki, "ağ-qaralar” cavab oyununda ehtiyatlı oynayıb, top buraxmasınlar. Çünki bir top sonda problem yarada bilər. Ona görə "Neftçi” təmkinli başlayıb, lazım olan topu vurmalıdır. Ancaq qol buraxmamaq şərti ilə. Bu gün Bakıda hava həddindən artıq isti olduğundan, "Neftçi” daha da soyuqqanlı oynamalıdır. Əsas məsələ qol buraxmamaqdır. 8 oyundur ki, "Neftçi” ev amilindən istifadə edə bilmir. Bu da hardasa problem yaradacaq. Arzu edək ki, "ağ-qaralar" 1:0 da olsa, qələbə qazanıb, 2 il öncəki nailiyyətini yenidən təkraralasın. Bizim canımız olan "Qarabağ”ı isə Hollandiyada çətin oyun gözləyir. Bakıdan 0:0 hesablı heç-heçə ilə dönmələri və cavab görüşündə azarkeş dəstəyi "Tvente”yə hardasa üstünlük, rahatlıq verəcək. "Tvente” çalışacaq ki, "Qarabağ”ın müdafiədə buraxacağı səhvlərdən yararlansın. Lakin yenə də "Qarabağ”dan ehtiyatlanacaqlar. Hollandiyada hava bizə nisbətən daha sərin olacaq deyə, əsl əks-hücum etmək havası olacaq. Nəzərə almalıyıq ki, 1:1 hesablı heç-heçə də "Qarabağ"ı qrup mərhələsinə çıxaracaq. Amma məğlubiyyət buna imkan verməyəcək. Məncə, hər iki klubumuz mərhələ adlayacaq.
- "Neftçi”nin oyununda təxribat olacağını düşünürsünüz?
- Bu gün hər şey qanun çərçivəsində mühafizə olunur. UEFA qarşısında hər iki klubun cavabdehliyi var. UEFA-nın özü də belə şeylərə nəzarət edir və keçmiş insidentlərin təkrarlanmasına imkan verməz.
- İlk matçda 2:0 üstün olduğu halda 2 avtoqol vurması "Neftçi”nin müdafiə xəttinin zəif olmasından, yoxsa həyəcandan irəli gəldi?
- Deməzdim həyəcandan olub. Hesab 1:2 olanda "Partizan” təzyiqi artırdı. "Neftçi” "Partizan”ın ortadan hücum edəcəyini gözləyirdi, ancaq onlar qanadlardan irəli atıldılar. Serbiyalılar sürət və təzyiqi artırdı. Elə o təzyiqin nəticəsində müdafiəçiyə dəyən top qola çevrildi. Amma burada rəqib çalışacaq ki, ehtiyatlansın. Yəqin "Neftçi" ilk oyunu da yaxşı təhlil edib. Hər oyun eyni deyil, hər matçın öz özəllikləri var. Belqradda 2:3 uduzmağımıza baxmayaraq sürətli oyun oldu, gözəl qollar vuruldu.
- "Tvente” ölkə çempionatının oyunlarında qalib gələ bilmir. "Qarabağ”la matçda qələbə qazanması nə dərəcədə realdır?
- Eləyə qalsa, "Neftçi” 8 oyundur Avrokubokdakı ev oyunlarında uda bilmir. Çempionata isə böyük hesablı məğlubiyyətlə başlayıb. Avroliqada "Tvente” istəyir ki, uzun marafondan sonra çempionatda gənclərə şans versin. Mənim hiss etdiyim qədəri ilə hesab 1:1 olacaq.
- Bəs "Neftçi”?
- Ya 0:0, ya da çox çətin də olsa, cərimə və ya künc zərbəsindən qol vuracaq. Çünki "Partizan” müdafiəyə oturacaq.
- Proqnozunuzdan belə çıxır ki, "Qarabağ”ın mərhələ keçəçəyinə daha çox inanırsınız, nəinki "Neftçi”nin?
- "Qarabağ”ın qol vurma şansını daha çox görürəm. Ancaq "Neftçi” hər bir komanda ilə açıq futbol oynayır. Məsələn, "Koper” iə "Çixura”nın əvəzi burda başqa komanda olsaydı, onlar açıq futbol oynayacaqdılar. Burada "Neftçi”yə qol buraxmaq sərf etmir. Çünki Avrokubok oyunlarında bir qol iki top sayılır. "Neftçi” ehtiyatlı oynayıb, qol buraxmamalıdır.
Röya KƏRİMLİ