Peşəkar
Futbol Liqasının prezidenti Ramin Musayev "Qarabağ” klubunu Avropa Liqasının
qrup mərhələsinə vəsiqə qazanması münasibəti ilə təbrik edib. Sportnet.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, Musayev
"Qarabağ”ın uğur qazanmasını ölkədə idmana göstərilən dövlət qayğısı ilə
əlaqələndirib.
PFL
prezidenti eyni zamanda, Avropa Liqasının pley-off mərhələsinə qədər irəliləyən
"Neftçi”nin çıxışını da təqdirəlayiq hesab edib: "Qarabağ”ın qrup mərhələsinə
vəsiqə qazanması, "Neftçi”nin isə pley-off mərhələsinə qədər irəliləməsi ilk
növbədə ölkədə idmana göstərilən dövlət qayğısının nəticəsidir. Cənab Prezident
İlham Əliyev idmanın inkişafını daim diqqət mərkəzində saxlayır. Məhz bunun
nəticəsidir ki, 2 il öncə "Neftçi”, dünən isə "Qarabağ” Avropa Liqasının qrup
mərhələsinə vəsiqə qazandı. Bütün bunlar sevindirici məqamdır. Sözsüz, biz
istərdik ki, hər iki komandamız Avropa Liqasının qrup mərhələsində eyni zamanda
çıxış etsin. Amma futbolda məğlubiyyəti də qəbul edib, ondan nəticə çıxarmaq
lazımdır. "Qarabağ”ın Avropa Liqasında oynaması ölkədə futbolun inkişaf
etməsinin göstəricisidir. Düzdür, AFFA və PFL-i işləməməkdə günahlandıranlar
var. Lakin faktdır ki, AFFA rəhbərliyi dəyişdikdən sonra bu tip uğurlara imza
ata bilmişik. Rövnəq Abdullayev AFFA prezidenti təyin olunduqdan sonra futbolun
keçdiyi inkişaf yoluna nəzər salaq. Vaxt var idi ki, komandalarımız 1 mərhələ
keçəndə bayram edirdik. Amma bu gün biz qrup mərhələsini uğur sayır və irəli
baxırıq. İki il öncə isə "Neftçi” bizi bu nəticə ilə sevindirmişdi. Dünən
"Neftçi” pley-offda dayansa da, onları da təbrik edirəm. Biz işimizi tam
görməmişik. Bundan daha yaxşı nəticələrə imza atmağa çalışacağıq. Ümidvaram ki,
gələcəkdə qrup mərhələsində oynayacaq komandalarımızın sayı daha da artacaq.
Azarkeşlərimiz bu sevinc anlarını yaşamağa layiqdirlər. Mən "Qarabağ”la yanaşı,
"Neftçi”ni də təbrik edirəm. Bəlkə də məni bu təbrikə görə günahlandıra
bilərlər. Amma unutmayaq ki, "Neftçi” qrupun bir addımlığında dayanıb”.
Ramin Musayev son uğurların memarlarının yerli məşqçilər olduğunu da əlavə edib: "Mənim sözlərimi bəzən başqa cür başa düşürlər. Amma bu bir həqiqətdir ki, çempion komandaya da, kubokun sahibi olan komandaya da yerli məşqçi rəhbərlik edir. Bu gün pley-off mərhələsində dayanan və qrup mərhələsinə adlayan da yerli məşqçidir. Bəzən futbol ictimaiyyəti haqsızlığa yol verir. Amma bir qədər sakit şəkildə analiz etsələr, görərlər ki, bu ölkədə futbol həqiqətən də inkişaf edir”.