AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlər üçün brifinq keçirib. Məmmədov Sportnet.az-ın da suallarını cavablandırıb...
- Bakının AVRO-2020-ni qəbul etməyə namizədliyi ilə bağlı işlər nə yerdədir?
- Bəli, artıq 14 gün qalıb. Biz də səbirsizliklə son qərarı gözləyirik. Çox güman ki, yaxın zamanlarda son namizəd olan şəhərlər öz nümayəndə heyətini UEFA-ya göndərəcək. Biz də heyət üzvlərimizi mətbuata təqdim edəcəyik. Bakının ən böyük üstün cəhəti odur ki, bizə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin böyük dəstəyi var. Bu isə çox müsbət amildir. Bizdə bu çempionatı keçirmək üçün böyük potensial var.
- Bolqarıstanla oyun haqda nə düşünürsünüz?
- Qarşıdakı seçmə mərhələyə daha ciddi yanaşırıq. Ona görə də Bolqarıstanla oyunda əsas məqsədimiz 3 xal qazanmaq olacaq. Nəzərə alsaq ki, bundan əvvəlki seçmə tsikldə 4-cü olmuşuq, məntiqlə indi 3-cü yer uğrunda mübarizə aparacağıq. Bolqarıstanla oyunda hamımız stadiona gedib millimizə dəstək olmalı və komandamızın qələbəsinə inanmalıyıq.
- Deməli, millimizin növbəti seçmə tsikldə məqsədi qrup 3-cülüyü olacaq...
- Bəli. Həmin mövqe bizə final mərhələsinə vəsiqə verəcək və biz bu məsələni baş məşqçi ilə də danışmışıq. Qarşımızda 10 seçmə oyun var. Berti Foqts bu məqsədə çatmağa çalışacaq.
- Rusiya ilə son oyundakı məğlubiyyəti necə şərh edərdiniz?
- Bizim Rusiya ilə görüşümüzü Bolqarıstan, Xorvatiya və İtaliyadan olan nümayəndələr izləyirdi. Həmçinin də bu, yoldaşlıq görüşü olduğundan, bir az fərqli yanaşma var idi. Bizim üçün əsas olanı rəsmi oyunlardır və unutmayaq ki, milli komandamız keçən seçmə mərhələdə bir neçə dəfə bizi sevindirib.
- 21 yaşadək futbolçularımızın İsrailli həmyaşıdlarını məğlub edəcəyini gözləyirdinizmi və Bernhard Lippertin komandamızdakı gələcəyi necə olacaq?
- Çox sevindirici haldir ki, gənclər yığmamız israilli həmyaşıdlarını böyük hesabla məğlub etdi. Hiss olunurdu ki, komandamız ilk oyundakı məğlubiyyətdən təsirlənmişdi və bütün futbolçular bunun əvəzini çixmağa çalışırdı. Lippert İsraillə oyunqabağı bizə komandada baş məşqçi kimi fəaliyyətini başa çatdırmaq və yığmada texniki direktor kimi işləmək istədiyini bildirmişdi. millinin hələ Portuqaliya ilə oyunu var və müqaviləmiz dekabrda başa çatacaq. Yalnız bunlardan sonra həmin məsələyə baxılacaq.
Vasif MƏMMƏDOV