
Azərbaycan Güləş Federasiyasının (AGF) I vitse-prezidenti Namiq Əliyev Beynəlxalq Güləş Federasiyasının (FİLA) Özbəkistanın paytaxtı Daşkənddə baş tutan Konqresi barədə fikirlərini bildirib. Sportnet.az-ın məlumatına görə, AGF rəsmisi qurumun rəsmi saytına açıqlamasında çıxarılan qərarları müsbət dəyərləndirib.
Eyni zamanda FİLA-nın büro üzvü olan Əliyev deyib: "Bu tarixi Konqres idi. Bir ilə yaxın idi ki, qurumun adının və loqosunun dəyişdirilməsi ilə bağlı İcraiyyə Komitəsində müzakirələr aparılırdı. Artıq bu, baş tutdu. Düzdür, uzun müddətdir ki, qurum FİLA adlanırdı və bundan sonra bu adı nostalji hisslərlə xatırlayacağıq. Amma qrapplinq və pankration kimi güləşə yaxın növlərin də quruma daxil olması ad dəyişikliyini zəruri etdi. Digər tərəfdən Beynəlxalq Olimpiya Komitəsinin tövsiyyələri də nəzərə alındı. Qurumun Nizamnaməsində də müəyyən dəyişikliklər edildi. Eyni zamanda iki ildir ki, quruma başçılıq edən Nenad Laloviç yenidən Dünya Güləş Birliyinin prezidenti seçildi. O, qarşıdakı 6 il ərzində quruma rəhbərlik edəcək".
2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarına toxunan AGF rəsmisi Konqresdə Oyunlara hazırlıq barədə təqdimatın iştirakçılar tərəfindən yüksək qiymətləndirildiyini bildirib: "Avropa Oyunlarında güləşin əvvəlcə 6 çəki dərəcəsində təmsil olunması nəzərdə tutulurdu. Artıq aparılan danışıqlar nəticəsində bütün 8 çəki dərəcələrinin də Oyunlarda iştirakı razılaşdırılıb. Biz istəyirik ki, Olimpiya Oyunlarında da güləş bütün çəki dərəcələrində təmsil olunsun. Çünki Olimpiadaya salınmayan çəki dərəcələrinin də inkişaf etdirilməsi bizim əsas prioritetlərimizdəndir".
Dünya Güləş Birliyinin "Şərəf zalı"nda Azərbaycan güləşçilərinin təmsil olunması məsələsinə münasibət bildirərkən Namiq Əliyev bu barədə planlarının olduğunu söyləyib: "Olimpiya və üçqat Avropa çempionu Namiq Abdullayev, Olimpiya və ikiqat Dünya çempionu Fərid Mansurov kimi Azərbaycanın tanınmış güləşçilərinin Dünya Güləş Birliyinin "Şərəf zalı"nda təmsil olunması bizim yaxın gələcək üçün əsas planlarımızdan biridir. Düşünürəm ki, onlar dünya güləşində öz layiqli yerlərini tutacaqlar".