AFFA-nın baş katibi Elxan Məmmədovun Sportnet.az-a müsahibəsi
- İlk növbədə Bakının AVRO-2020-yə ev sahibliyi etməsi barədə təəssüratlarınızı öyrənmək istərdik...
- Təbii ki, bu qərarı böyük sevinclə qarşladıq. Bu, Azərbaycan adına böyük bir uğurdur. Həmçinin Bakıya 1/4 final oyununun verilməsi də sürpriz oldu. Düzünü deyim ki, biz qrup mərhələsinin 3 oyunu və bir 1/8 final matçına ümid edirdik. Amma UEFA Bakını 1/4 finala layiq gördü. Əlbəttə, 1/4 final oyunu qrup mərhələsinin matçlarından seçilir. Bakını London, Münhen, Roma kimi şəhərlərlə bir sırada görmək çox xoşdur.
"Reynaldo ilə Azərbaycan arasında heç bir bağlantı tapa bilməmişik"
- Bir müddət əvvəl Reynaldo ilə görüşünüz oldu. Onun milliləşdirilməsi nə yerdədir?
- Mən istərdim ki, ilk növbədə, azarkeşlər deyil, heç olmasa jurnalistlər FİFA-nın qaydalarını oxusunlar. Orada hər şey aydın yazılıb. Bəli, biz Reynaldo ilə görüşdük, müzakirələr apardıq, lazım olan suallarımızı verdik. Ondan atasının, anasının, nənəsinin, babasının harada, nə vaxt anadan olduğunu, hansı ölkələrdə yaşadıqlarını öyrəndik. O da bizə bütün lazımi məlumatları verdi. Təəssüf ki, biz bu günə kimi Reynaldo ilə Azərbaycan arasında heç bir bağlantı tapa bilməmişik. O, Azərbaycanda yalnız 2 il oynayıb. FİFA-nın qaydalarına görə, vətəndaşlığını dəyişməsi üçün futbolçu minimum 5 il həmin ölkədə yaşamalıdır.
- Deməli, heç FİFA-ya müraciət də etməmisiniz?
- Biz boş-boşuna FİFA-ya müraciət edə bilmərik. Axı müraciətdə onun milliləşdirilməsi üçün tutarlı əsas gətirməliyik. Biz yaza bilmərik ki, xahiş edirik, Reynaldonu milliləşdirin. Bu, çox gülünc görünə bilər. Nəyə görə özümüzü qeyri-peşəkar kimi göstərməliyik? Belə asan olsaydı, Reynaldodan daha güclü futbolçuları milləşdirərdik.
- Belə çıxır ki, yaxın zamanlarda Reynaldonun milliləşdirilməsi qeyri-mümkündür?
- Xeyr. Dediyim kimi, biz hər hansı bir bağlantı tapa bilməmişik. Əgər, onun milliləşdirilməsi üçün əsas tapa bilsək, o zaman FİFA-ya müraciət edə bilərik. İndiki halda bizim FİFA-ya müraciətimiz qeyri-ciddi alınar.
- Reynaldonun hətta Xorvatiya və İtaliya ilə oyunlar üçün milliyə dəvət alacağı da deyilirdi...
- Bu, absurddur. Bəli, bəziləri bunu deyirdi. Hansısa azarkeş və ya mütəxəssis Reynaldonu milliləşdirməyin yolunu bilirsə, qoy, bizə bunu tövsiyə etsin. Onun milliləşdirilməsi üçün hüquqi cəhətdən əsas tapa bilmirik.
- Eyni sözlər Riçard Almeydaya da aiddir?
- Bəli, ona da aiddir. Hazırda biz Reynaldonun məsələsi üzərində çalışırıq. Ondan sonra Riçard Almeydanın da durumunu araşdıra bilərik.
"Foqts düz deyib, 6 ildən sonra bizimlə olmayacaq"
- Millimizin təlim-məşq toplantısı ilə əlaqədar çempionatda 3 həftəlik fasilə yaranacaq...
- 3 həftə deyəndə ki, yığmamız oktyabrın 3-dən hazırlığa başlayacaq. Bundan bir həftə sonra İtaliya, 10 gün sonra isə Xorvatiya ilə Avropa çempionatının seçmə oyunları olacaq. Oktyabrın 14-dən isə futbolçular öz klublarının sərəncamında olacaqlar. Yəni, 11 gün ərzində 2 rəsmi oyun keçiriləcək. Azərbaycan çempionatında isə həftədə bir dəfə oyun keçirilir. Digər tərəfdən, oktyabrın 2-də "Qarabağ"ın İtaliyada "İnter"lə Avroliqa matçı olacaq. Yəni, ortalıqda cəmi bir tur olmayacaq. Bununla bağlı Peşəkar Futbol Liqası qərar qəbul edib.
- Foqtsla yeni müqavilə imzalananda onun vaxtının çox hissəsini Azərbaycanda keçirəcəyi deyilirdi. Amma Bolqarıstanla oyundan sonra o, Azərbaycanı tərk etdi və çempionatın da son matçlarını izləmədi. Bu, nə dərəcədə düzgündür?
- AFFA rəhbərliyi bu məsələni nəzarətdə saxlayır. İlin sonunda da hesabatda bu, təqdim olunacaq. Lakin sizin məlumatınız da tam doğru deyil. Çünki Foqts Bolqarıstanla oyundan sonra Bakıya gəlib. İsveçrəyə də bizimlə birgə yollandı. O, nümayəndə heyətinin tərkibində idi. Arada isə Rusiyanın Sankt-Peterburq şəhərinə yollanaraq, FİFA və UEFA-nın ölkə yığmalarının baş məşqçiləri üçün konfransında iştirak etdi və Azərbaycanı təmsil etdi.
- Berti Foqts Almaniya mətbuatına açıqlamasında AVRO-2020 zamanı Azərbaycan millisinə rəhbərlik etməyəcəyini bəyan edib...
- O, düz deyib. Həmin vaxt Foqtsun AFFA ilə müqaviləsi bitəcək. 6 ildən sonra millini kimin çalışdıracağını indidən proqnozlaşdırmaq qeyri-mümkündür.
- Bolqarıstanla oyundan sonra Foqts mətbuat konfransını yarımçıq tərk etdi. Buna münasibətiniz necədir?
- Əsas odur ki, baş məşqçinin özü artıq fikrini bəyan edib. Məncə, burada əsas məsələ onun yanaşmasıdır. Çünki mətbuat konfransında özü iştirak edib. Hər bir mətbuat konfransı etik normalara uyğun, suallar isə düzgün olmalıdır. Yadımdadır, bir dəfə mətbuat konfransında sual verdilər ki, nəyə görə Maksim Medvedevi heyətdə görə bilmirik? Həmin sualın müəllifi Medvedevin ötən seçmə mərhələdən cəzalı durumda olduğunu bilmirsə, bu, yaxşı hal deyil. Suala da hazır olmaq zəruridir. Eyni zamanda hər bir suala hörmətlə yanaşmaq və etikaya uyğundursa, cavablandırmağa çalışmaq lazımdır. Şəxsən mən mətbuat konfransını tərk etməyin tərəfdarı deyiləm. Tədbir etik qaydalara uyğun təşkil olunursa və hər şey öz qaydasındadırsa, oranı tərk etmək düzgün deyil. Həmin konfransdan çəkilmiş videoya baxdım. Əslində Foqts sualları cavablandıraraq gedib. Bu da vacib məqamdır. Sağollaşıb-sağollaşmamağı ayrı məsələdir. Tərcüməçi cavabını çevirməyə çalışanda ona bu imkanı verməyiblər.
- U-21-in baş məşqçi postundan istefa verən Bernhard Lippertin məsələsi nə yerdə qaldı?
- Bu haqda qərarı AFFA İcraiyyə Komitəsi qəbul edəcək. Ona görə də mən dəqiq bir söz deyə bilmərəm.
"Bakcell Arena"da yaxın 4 həftə ərzində oyun olmayacaq"
- Bakı Olimpiya Stadionunda işlər nə zaman yekunlaşacaq?
- Bunu yaxşı olardı ki, tikintini həyata keçirən şirkətdən soruşasınız. Çünki o arena AFFA-nın deyil.
- Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyü dəyişdirilsə də, "Bakcell Arena"da bir müddətdir oyun keçirilmir. Həmin stadiondan ev arenası kimi yararlanan "Neftçi" artıq rəqiblərini İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda qəbul edir...
- Respublika stadionu ilə "Bakcell Arena"nın durumu fərqli idi. Təəssüflər olsun ki, "Tofiq Bəhramov"un vəziyyəti elə həddə çatdı ki, heç oyun təşkil etməyə icazə yox idi. "Bakcell Arena"da isə Bolqarıstanla rəsmi oyun keçirilmişdi. Buna UEFA icazə vermişdi. Ona görə də dərhal Gənclər və İdman Nazirliyi ilə birgə qərar qəbul etdik ki, Respublika stadionunu yeni ot örtüyü ilə təmin edək. 16 gün ərzində yeni meydança gətirildi və artıq həmin ot örtüyü yaxşı vəziyyətdədir.
- Bəs "Bakcell Arena"da nə problem var?
- Düzü, isti havalar və yüklənmə üzündən problem yaranmışdı. Belə meydanlarda komandaların bir dəfə məşq etmələri və bir dəfə oyun keçirmələri tövsiyə olunur. Lakin "Bakcell Arena"da gündəlik məşqlər keçirilirdi. Ona görə də problem yaranmışdı. Ümid edirəm ki, növbəti 4 həftə ərzində orada da möhtəşəm meydança hazır olacaq. Amma həmin stadionun ot örtüyü dəyişməyəcək. Sadəcə, vaxt lazımdır ki, ot özünə gəlsin.
- Norveçlə növbəti ev oyunu harada keçiriləcək?
- Biz hələ bu məsələ üzərində düşünürük. Meydanların vəziyyətinə baxmalıyıq. Oyun üçün "Bakcell Arena"nı qeydiyyatdan keçirmişik. Amma unutmayaq ki, "Qarabağ" da Respublika stadionundan istifadə edir. Ona görə yaxşı olardı ki, bütün stadionlardan istifadə edək. Çünki imkanımız, stadionlarımız var.