
Gənclər və idman naziri Azad Rəhimov bəzi önəmli yarış və matçların telekanallarımız vasitəsilə yayımlanmamasına münasibət bildirib. Nazir Sportnet.az-a açıqlamasında voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin İtaliyadakı dünya çempionatında Yaponiya üzərində qələbə qazandığı görüşün ekranlara gətirilməmə səbəbini bilmədiyini söyləyib.
O, belə əhəmiyyətli idman tədbirlərinin tamaşaçılara göstərilməsini çox istədiyini vurğulayıb: "Ölkəmizdə "İdman Azərbaycan" telekanalı var. Bütün günü idman yarışlarından yayım aparır. Dünyanın heç də bütün ölkələrində, xüsusən, Azərbaycan kimi gənc dövlətlərdə belə telekanallar yoxdur. Digər telekanallarımız da idmana həqiqətən geniş yer ayırırlar. Mən dünya çempionatının nəyə görə yayımlanmadığını deyə bilmərəm. Amma bəzi hallarda, verilən qiymət, tələbat həqiqətən də çox yüksəkdir. Bəzi hallarda isə telekanallarımızın yarışları yayımlamağa sadəcə, gücləri çatmır. Amma çox istərdim ki, verilsin".
Qeyd edək ki, "İdman Azərbaycan" "Neftçi" - "Xəzər Lənkəran" matçının və voleybolçu qadınlar arasında dünya çempionatının yayımlamaması səbəbindən son zamanlar mətbuatın ciddi tənqidlərinə məruz qalıb.