Azərbaycan futbolunda zarafatyana bir deyim formalaşıb: "Biri var meydanda, biri də var toyda oynamağı bacaran futbolçular”. Kimi meydanda oynayır, toyda bacarmır, kimi toyda süzür, sındırır, meydanda bacarmır. Amma kimi də var həm meydanda yaxşı oynayır, həm də toyda.
İndiyədək əməkdaşlarımız müxtəlif futbolçuların mahnı sədaları altında qol götürərək, oynamalarına dəfələrlə şahidlik ediblər. Elə sonuncu dəfə "Qarabağ”ın çempionluq ziyafətində Qara Qarayevin necə süzdüyü diqqətlərdən yayınmayıb.
Sportnet.az həm meydanda, həm də şənliklərdə gözəl oynamağı bacaran futbolçularla bağlı yazı hazırlayıb. Bu məsələdə bizə veteran futbolçu, öz oyunu ilə heç də geri qalmayan Əfqan Talıbov və yenicə "Qəbələ”yə keçən Ruslan Əmircanov yardımçı olub.
Gözəl rəqsin futbolçuya təsiri
Talıbov əvvəlcə rəqsin futbolçuya yaşıl meydandakı müsbət təsirindən danışıb: "Bizdə futbolçu haqqında fikir söyləyəndə deyirlər ki, futbolu yaxşı oynayır. Yox əgər futbolu yaxşı oynaya bilmirsə, deyirlər ki, o futbolçu yalnız toyda yaxşı oynayır. "Qarabağ” komandasında fiziki məşqlər üzrə Çudomir Çakarov bir dəfə mənə dedi ki, sizin koordinasiya üçün yaxşı rəqsləriniz var və yeniyetmə uşaqlar həftədə 3-4 dəfə onu etsələr, çox gözəl effekt verər. Deyir fikir vermişəm az futbolçu var ki toyda yaxşı oynayır. Toyda və tədbirlərdə oynayarkən görürsən, ayaqlar o qədər cəld və çevik bir-birini tamamlayır ki, bu da çox kömək edir. Məsələn, rəqslərdən "Hop-Stop”, "Papaq”, "Süleymani”, "Qaytağı” rəqs havaları cəld və çevikdir. Amma çox gözəl olar ki, toyda yaxşı rəqslə yanaşı, meydançada da yaxşı oyun nümayiş etdirəsən”.
"Anri həftədə 3-4 gününü rəqsə ayırır"
Ötənlərin tanınmış hücumçusu toylarda bərabər rəqs etdiyi və ya rəqsinin şahidi olduğu futbolçuların kimliyini açıqlayıb: "Çox futbolçu var ki, birlikdə nə qədər rəqs etmişik. Samir Ələkbərov, Nazim Süleymanov mahnıya uyğun, gözəl rəqs edir və futbolu da yaxşı oynayıblar. Gənclərdən də Vüqar Nadirovla Qara Qarayevə "Qarabağ” klubunun çempionluq ziyafətində rəqs edəndə fikir verdim. Qarayev bundan sonra çalışmalıdır, desinlər ki, tədbirlərdə yaxşı rəqs edir, meydançada da yaxşı futbol oynayır”.
Talıbovun sözlərinə görə meydanda elə də yaxşı oynamayan, amma toyda gözəl rəqs edən futbolçular da var: "Tovuzun "Turan” komandasının oyunçuları var, meydanda o qədər də güclü oynamırlar, amma yaxşı rəqs edirlər. Çakarov bildirir ki, gənc futbolçuların toyda rəqs etmələri futbolda çox böyük kömək edir. Məsələn, Fransa millisinin keçmiş oyunçusu Tyerri Anri həftədə 3-4 gün 1-2 saat rəqsə vaxt ayırır. Qulaqcıqları taxır və güzgünün qarşısında rəqs edir”.
Veteran futbolçu toyunda rəqs etdiyi futbolçuların adları da açıqlayıb: "Vəli Qasımovun toyunda elə bir rəqs etmişik ki. Gəncədə uzun müddət futbol oynamışam, Yunis Hüseynovun, Mehman Allahverdiyevin toyunda da yaxşı iştirak etmişəm. Komanda şəklində gözəl "Yallı” rəqsi etmişik”.
"Toyda da, futbolu da, "pleysteyşn”i də pis oynamıram"
Həm toyda, həm futbolda, həm də "pleysteyşn”də yaxşı oynadığını vurğulayan Əmircanov da mövzuya münasibətini bildirib. Özü də sualımız onun lap ürəyincə olub: "Sən canın, bu fikir kimin ağlına gəlib? Niyə yoxdur ki? Yaxşı oynayanlar var. Elə futbolçular tanıyıram ki, həm meydanda, həm də toyda yaxşı oynayırlar. Məsələn, "Xəzər Lənkəran”dakı Elnur Abdullayev elə klubda mərkəzdə pleymeyker kimi necə oynayırsa, toyda da "dağıdır”. Maşallah, heç ayaqları da görünmür. Elə mən özüm də pis oynamıram - toyda da, futbol da, "pleysteyşn” də. Nə oyun varsa, hamısını bacarıram.
Həm toyda, həm futbolda, həm də "pleysteyşn”də yaxşı oynadığını vurğulayan Əmircanov da mövzuya münasibətini bildirib. Özü də sualımız onun lap ürəyincə olub: "Sən canın, bu fikir kimin ağlına gəlib? Niyə yoxdur ki? Yaxşı oynayanlar var. Elə futbolçular tanıyıram ki, həm meydanda, həm də toyda yaxşı oynayırlar. Məsələn, "Xəzər Lənkəran”dakı Elnur Abdullayev elə klubda mərkəzdə pleymeyker kimi necə oynayırsa, toyda da "dağıdır”. Maşallah, heç ayaqları da görünmür. Elə mən özüm də pis oynamıram - toyda da, futbol da, "pleysteyşn” də. Nə oyun varsa, hamısını bacarıram.
Futbolçunun sözlərinə görə həm meydanda, həm də toyda yaxşı oynayanların sayı az deyil: "Əslində yaxşı oynayan çox futbolçu tanıyıram, amma indi yadıma sala bilmirəm. Məsələn, Rauf Mehdiyev qəşəng oynayır, o vaxt qapıda da yaxşı dururdu, toyda da gözəl oynayırdı. "İnter”in yarımmüdafiəçisi Asif Məmmədov da yaxşı oynayır”.
Sevinc XANQIZI
Sevinc XANQIZI