
Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Aleksandr Çervyakov Yelena və Oksana Parxomenko bacılarının yığma karyeralarını bitirmələrinə dair açıqlamalarını şərh edib. Təcrübəli mütəxəssis Sportnet.az-a müsahibəsində bildirib ki, Parxomenkoların fikirləri ilə Avropa Voleybol Konfederasiyasının rəsmi saytında tanış olub.
Amma Azərbaycan Voleybol Federasiyası rəhbərliyindən heç kim ona bu barədə bir söz deməyib: "Gələn ilin mayında Slovakiya ilə Avropa çempionatının seçmə oyununa çıxacağıq. Ancaq millidən getmələri ilə bağlı rəsmi məlumat yoxdur. Bilmirik kömək edəcəklər, ya yox. Yelena "İqtisadçı"da oynayır, Oksana "Azəryol"da. Karyeralarını klublarında davam etdirmək istəyirlər. Bizimlə birgə Bakıya qayıdıblar. Amma onlarla rəhbərlik danışacaq. Parxomenkoların qərarları ilə bağlı onlardan heç nə soruşulmayıb".
Çervyakovun fikrincə, voleybolçu bacılar millimizdən ayrılmalarına dair qərarı vaxtından tez veriblər: "Oksana və Yelena karyeralarını bitirsələr, millimizdə dəyişikliklər olacaq. Çempionata gənc qızları hazırlamağa başlayacağıq. Avropa çempionatının seçmə oyunları 2015-ci ildə olacaq. Fikrimcə, onlar Bakıda keçiriləcək Avropa Oyunlarından sonra karyeralarını bitirməlidirlər. Mənə elə gəlir ki, bu qərarı vaxtından tez veriblər".