
"Sportnet.az saytı "Sportşou”adlanan yeni layihəyə başlayır. İlk qonaq tanınmış müğənni Elnarə Xəlilovadır.
Elnarənin idmana olan marağı öncədən məlum idi. O, aerobika, fitnes və üzgüçülüklə, hətta bir vaxtlar karate ilə məşğul olub. Bizimlə söhbətdə isə müğənni təkcə bu barədə yox, həm də Azərbaycan futbolunun hazırkı durumu ilə bağlı maraqlı açıqlamalar verib...
- 3 uşağa qayğı və yaradıcılıq işləri ilə birlikdə Elnarə xanım idmana vaxt ayıra bilirmi?
- Bəli, həm də kifayət qədər. Məsələn, səhərlər durub qaçıram, axşamlar bol-bol piyada gəzirəm, hələ arada fiziki məşğələ növləri olan pilates, akva-zumba və fitneslə də məşğul olmağa vaxt tapa bilirəm.
- İdmanla ideal bədənə sahib olmaq, yoxsa sağlamlıq üçün məşğul olursunuz?
- Niyyətimiz həm sağlamlıq, həm də təbii ki, ideal bədənə sahib olmaqdır. Çünki daim səhnədə, göz önündə və diqqət mərkəzindəyik.
- Müxtəlif vaxtlarda fərqli idman növləri ilə məşğul olmusunuz. Peşəkar səviyyədə məşğul olduğunuz idman növü olub?
- Xeyr. Peşəkar səviyyədə heç bir idman növü ilə məşğul olmamışam, amma idmana olan həvəsimə əsasən, məni həvəskar idmançı adlandırmaq olar.
- Uşaq vaxtı karate ilə məşğul olmusunuz. Bəs valideynləriniz buna etiraz etmədi?
- Mənə karateni öyrədən elə valideynim idi. Atam karate üzrə qara kəmər sahibidir.
- Bugünlərdə şou-biznes nümayəndələri ilə aparıcılar arasında futbol oyunu keçirildi. Amma siz orda yox idiniz. Dəvət etməmişdilər, yoxsa özünüz qatılmaq istəmədiniz?
- Xeyr, dəvət etdilər, amma bu dəfə özüm getmədim. Həm işlərim çox idi, həm də düşünürəm ki, bu cür aksiyalarda iştirak növbəsi artıq cavanlarındır. Mən bu cür tədbirlərdə hələ subay ikən çox iştirak etmişəm.
- Ölkəmizdə və xaricdə stadiondan izlədiyiniz oyun olub?
- Əlbəttə. Ölkəmizdə atamla futbol və voleybol izləməyə getmişik.
- Azərbaycan futbolunun dünyadakı mövqeyini necə görürsünüz? Futbolumuzun inkişafı üçün, sizcə, nələr edilməlidir?
- Futbolumuzun inkişafı üçün, məncə, ilk növbədə hər məktəbin özünün özəl stadionu olmalıdır. Təbii ki, ən yaxşı futbolçular elə gənc ikən məktəb stadionundan çıxmalıdırlar. O zaman həm rəqabət güclü, həm də bazar böyük olacaq. Futbolumuz yalnız bu cür - xüsusidən ümumiyə doğru böyüyərək inkişaf etməlidir. Azərbaycan futbolu dünya arenasına bu cür üzüağ çıxa bilər.
- Azərbaycan və dünyanın futbol komandalarından hansına azərkeşlik edirsiniz?
- Klublarımız arasında favoritlərim "Xəzər Lənkəran” və "Qarabağ”dır. Dünyada isə "Mançester Yunayted”, "Bavariya”, "Çelsi”, "Barselona” və s. qeyd edə bilərəm.
- Hansı futbolçuları tanıyırsınız?
- Bizimkilərdən Rəşad Sadıqovdan başqa demək olar ki, heç kimi tanımıram. Amma bu, mənim günahım deyil. Məncə, saytlarda müğənnilərin alt paltarları haqda məlumat dərc etməkdənsə, futbolçularımızın müsahibələri, həyat və yaradıcılığı da işıqlandırılsaydı, heç də pis olmazdı və mən də onları yaxından tanıyardım.
- Sonda, vaxt ayırıb suallarımızı cavablandırdığınız üçün təşəkkür edirəm.
- Mən təşəkkür edirəm. Fürsətdən
istifadə edərək, yeni açılmış saytınıza uğurlar arzulayıram.
Sevinc XANQIZI




