Peşəkar
boksçu Fariz Məmmədov bu gün Qəbələdə mətbuat konfransı keçirib. Sportnet.az-ın
məlumatına görə, tədbir alman Matias Pelklə iyunun 7-də onun vətənində
keçiriləcək Avropa çempionu titulu uğrunda revanş döyüşünə həsr olunub.
Konfransda boksçunun kubalı məşqçisi Lazaro Martines də iştirak edib. İlk olaraq öz fikirlərini Martines bildirib:
"Artıq neçə müddətdir ki, Qəbələdəyik və bərpa prosesi keçirik. Fiziki hazırlıq üzrə bütün istədiklərimizi həyata keçirmişik. Taktiki cəhətdən də lazım olan bütün məşqləri yüksək səviyyədə təşkil edə bildik. Sonuncu məşqdə Farizi Olimpiya çempionu səviyyəsində güclü bir idmançı kimi gördüm. Ümid edirik ki, məşqlərimiz döyüşdə bəhrəsini verəcək. Planımız belədir ki, raundları artan temp üzrə keçirək. Məmmədovun revanş döyüşündə qalib olacağına çox inanıram”.
Daha
sonra azərbaycanlı boksçu uduzduğu döyüş və qarşıdakı revanş görüşü barədə
məlumat verdi:
"Matias
Pelklə döyüşdə döyülüb uduzsaydım, bəlkə də boksu buraxardım. Həmin döyüşdən
təqribən 2 həftə öncə sinəmdən qüvvətli zərbə almışdım. Pelklə döyüşün 2-ci
raundundan sonra şiddətli ağrılar başladı. Bəli, 8-ci raunddan sonra döyüşü
saxladım. Bilmirdim ki, sinəmdə çat əmələ gəlib. Etibar etdiyim həkimin hər
şeyin qaydasında olduğunu bildirməsi, məni bu vəziyyətə saldı. Həmin döyüşdən
sonra müayinə üçün Avstriyaya göndərildim. Elə orda da aydın oldu ki, qabırğam
sınıb. Buna baxmayaraq, məşqləri dayandırmamışam.
Gələn
həftənin şənbə günü Hamburqda Pelklə revanş döyüşünə çıxacam. Onun güclü
olması, məni daha çox motivasiya edir”.
Ardından
Fariz jurnalistlərin suallarını cavablandırıb.
-Mateas Pelklə ilk döyüşdən hansı nəticələri çıxarmısan? Bu dəfəki
döyüşdə hansı dəyişiklikləri edəcəksən?
-İlk döyüşdə zədəm məni erkən hücuma atılmağa sövq etdi. Bu dəfə daha təmkinli olacam. Onunla çox sayda raund keçirmək istəyirəm. Ona xeyli zərbə endirmək istəyirəm. Fərqli taktikaya üstünlük verəcəm.
-Özünəinamın olduqca böyükdür. Bu nədən qaynaqlanır?
-2013-ün avqustundan Pelkə hazırlaşıram. Bir ilə yaxındır ki, buna doğru gedirəm.
-Qəbələdə baş tutan döyüşə xeyli azarkeş gəlmişdi. O cümlədən yüksək
rütbəli şəxslərin zalda olması sənə necə təsir etdi?
-Bu, məni daha da motivasiya etdi. Həyəcan hər bir şəxsdə olur.
-Qisas hissinin səninlə acı zarafat edəcəyindən çəkinmirsən?
-Yox, qətiyyən. Çünki qisas almağa getmirəm. Sadəcə, iki güclü əlcək ustasının döyüşündə, qalib gəlmək istəyirəm.