Azərbaycan millisi
Abu-Dabidəkeçirilən cüdo üzrə
"Böyük Dəbilqə” turnirinə uğurlu başlayıb. Sportnet.az-ın məlumatına görə, ilk
yarış günündə tatamiyə çıxan 4 cüdoçumuzdan 3-ü medal qazanıb.
60 kq çəki dərəcəsində
mübarizəyə qoşulan Orxan Səfərov komandamızın heyətində ən yaxşı nəticəni
göstərib. O, finalda Amartuvşin Daçdavaaya (Monqolustan) qalib gələrək komanda
yoldaşı İlqar Müşkiyevin revanşını alıb. Çünki monqolustanlu cüdoçu həlledici
görüşə gedən yolda təmsilçimizə qalib gəlməsəydi, Abu-Dabidə Azərbaycan finalı
olacaqdı.
Tərlan Kərimov isə 66
kq çəki dərəcəsində tatamiyə çıxıb. Lakin finala kimi inamla irəliləyən
cüdoçumuz Dmitri Şerşana (Belarus) qalib gələ bilməyib və gümüş medalla
kifayətlənib.
Onlarla yanaşı, komandamıza
daha bir medalı İlqar Müşkiyev (60 kq) qazanadırıb. Həmyerlimiz 3-cü yer
uğrunda görüşdə ispaniyalı Fransisko Qarriqosa heç bir şans verməyib.
Digər cüdoçumuz Vüqar
Şirinli (66 kq) 1/8 finalda uduzub. O, almaniyalı Sebastian Seidllə dueldən
məğlub ayrılıb.
Qeyd edək ki, noyabrın 2-də bitəcək "Böyük Dəbilqə”də daha 7 idmançımız gücünü yoxlayacaq.