"Qəbələ”nin prezidenti Tale Heydərovun müşaviri Toni Adams III Qəbələ Kubokunu əvvəlindən sonunadək izləyib. İngiltərəli mütəxəssis Sportnet.az-a açıqlamasında 8 iştirakçı komandadan daha çox Türkiyə "Fənərbağça”sını bəyəndiyini bildirib.
Turnirin yüksək səviyyədə təşkil olunduğunu bildirən Adams yeni komandaların yarışa rəng qatdığını önə çəkib: "İlk dəfə idi ki, "Udineze”, "Liverpul”, "Anderlext” kimi komandalar Qəbələ Kubokunda iştirak edirdilər. Ən çox bəyəndiyim komanda "Fənərbağça” oldu. Fiziki və texniki cəhətdən bu komanda çox xoşuma gəldi”.
İngiltərə futbolunun canlı əfsanəsi hissələrin qısa olması barədə isə bunları söyləyib: "Standartdan kənara çıxmağın faydası var. Belədə futbolçular hər bir səhvin əhəmiyyətini başa düşürlər. Eyni zamanda, nəzərə almaq lazımdır ki, bəzi hallarda komandalar gündə 2 oyun keçirirdilər. İlk 2 gündə 4 matça çıxmaq asan məsələ deyil. Hesab edirəm ki, turnirin bu cür formatı idealdır”.
Adams ilk dəfə avrokuboklarda iştirak edəcək "Qəbələ”nin əsas komandasının baş məşqçisiz qalması dair sualı da cavablandırıb. O, komandanın baş məşqçi Yuri Syominsiz də Avropa Liqasında uğurla çıxış edəcəyinə inandığını bildirib: "Hesab edirəm ki, "Qəbələ” keyfiyyətli futbolçulardan formalaşıb. Syominlə də, onun yoxluğunda da bu kollektiv avrokuboklarda uğurlu çıxış edə bilər. Avrokuboklara sayılı günlər qalıb. Həm mən, həm də klubun vitse-prezidenti Fariz Nəcəfov Tale Heydərova öz namizədlərimizin adlarını açıqlamışıq. Syominin namizədliyi irəli sürülərkən də, analoji vəziyyət yaranmışdı. Gördüyünüz kimi, yükunda uğurlu seçim etməyi bacardıq”.
Sonda klub prezidentinin müşaviri yeni baş məşqçinin nə vaxt bəlli olacağına dair mövqeyini açıqladı: "Konkret tarix açıqlaya bilmərəm. Çünki hazırda müzakirələr aparılır və ən layiqli namizəd seçildikdən sonra bu barədə ictimaiyyətə açıqlama veriləcək”.