Londonda velosiped idmanının
trek növü üzrə Dünya Kubokunun 2-ci mərhələsi başa çatıb. Sportnet.az-ın məlumatına görə, planetin 38 ölkəsindən olan idmançıların mübarizə
apardığı yarışda Azərbaycan 3 velosipedçi ilə təmsil olunub.
Son yarış günü
təmsilçilərimizdən yalnız biri - Olqa İsmayılova çıxış edib. Keyrin növündə
mübarizə aparan idmançımız ilk mərhələdə 5 velosipedçi arasında 3-cü olub və
yarımfinala çıxmaq üçün təsəlliverici yürüşdə iştirak edib. Burada isə Olqa
İsmayılova Polşa və İspaniya nümayəndələrini qabaqlamaqla yarımfinala vəsiqə
qazanıb.
Amma finala çıxmaq üçün 6 nəfər arasında ilk üçlüyə düşmək mümkün
olmayıb. Bununla da təmsilçimiz yarımfinalda uduzan 6 idmançı ilə 7-ci yer
uğrunda yarışıb və yekunda Dünya Kubokunu 25 nəfər arasında 11-ci pillədə
bitirib.
Dünya Kubokunun ilk 2 mərhələsindən sonra ümumi nəticələrə gəlincə, yığma komanda üzvlərimiz dünya reytinqində mövqelərini bir qədər də yaxşılaşdırıblar. Belə ki, kişilər arasında keyrin yarışında çıxış edən Sergey Omelçenko mötəbər yarışın Meksika və İngiltərədə keçirilən mərhələlərində iştirak etmiş 43 idmançı arasında 8-ci yerdədir. Olqa İsmayılovaya gəlincə, o 200 metr məsafəyə sprint növündə 45 velosipedçi arasında 10-cu, keyrində isə 21-cidir. Bu isə adları çəkilən hər iki velosipedçimizə gələn ilin fevralında Fransada keçiriləcək dünya çempionatında iştirak hüququ verir. Yeri gəlmişkən, yığmamızın digər üzvü, Dünya Kubokunda skretç və xalla qrup ötüşməsində yarışan Yelena Pavluxina da mundialda iştirak hüququ əldə edib.
Dünya çempionatından öncə isə velosipedçilərimiz yanvarın 16-18-də
Kolumbiyada Dünya Kubokunun sonuncu – 3-cü mərhələsində iştirak edəcəklər.